7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək

7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək
# 04 sentyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi 4-6 oktyabr tarixində keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sərgiyə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri isə sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Bu il ilk dəfə olaraq beş ölkə - Belarus, Litva, Ukrayna, Macarıstan və Polşa öz milli stendi ilə çıxış edəcək. Sərgi çərçivəsində şirkətlər təlim (treninq) proqramları, məzun və praktikantlar üçün işəgötürmə proqramları, neft-qaz mütəxəssislərinin təhsili üçün maliyyə dəstəyi və Azərbaycanın neft və texniki sahələr üzrə ali təhsil müəssisələrinin məzunları üçün xüsusi proqramlar da təklif edəcəklər.

Bu sərgi abituriyentlərə və onların valideynlərinə müxtəlif təkliflər arasında düzgün seçim etməkdə və gələcəyə düzgün sərmayə yatırmaqda kömək etmək üçün yeni dərs ilinin başlandığı bir vaxta təyin olunub. “Təhsil və Karyera” sərgisi təhsil sahəsində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir.

“Təhsil və Karyera” sərgisi yalnız orta məktəblərin sonuncu sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də sahə mütəxəssisləri üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR