Azərbaycanda ekoloji gərginlik yaradan işlənmiş sürtgü yağlarından təkrar istifadə ediləcək

Azərbaycanda ekoloji gərginlik yaradan işlənmiş sürtgü yağlarından təkrar istifadə ediləcək
# 05 mart 2014 06:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtgü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb. APA-nın xəbərinə görə, institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, respublikada avtomobil və digər texnikanın parkı ildən ilə sürətlə artır və bunlarda istifadə olunan sürtgü yağlarının kənara atılması ətraf mühiti çirkləndirməklə ekoloji gərginlik yaradır. Onun sözlərinə görə, müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri də həmin zərərin minimuma endirilməsidir: “Bu nöqteyi-nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün, bir tərəfdən, sürtgü yağlarının keyfiyyətini xüsusi əlavələrlə-aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, digər tərəfdən isə, işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır. İnstitutda işlənmiş yağlarının təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənib, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb. Müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər”.

V.Fərzəliyev qeyd edib ki, bu istiqamətdə sistemli tədqiqatların davam etdirilməsi üçün YUNESKO və Rusiyanın aparıcı sənaye müəssisəsi “PhosAgro” arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, sözügedən qurumlar və İUPAC tərəfindən “yaşıl kimya” sahəsində çalışan gənc alimlər üçün elan edilən təqaüd proqramına yeni layihə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR