Ukrayna səfirinin müavini: “Rusiya rəhbərliyinin Sevastopola səfəri Ukrayna qanunvericiliyinin kobud pozulmasıdır”

Ukrayna səfirinin müavini: “Rusiya rəhbərliyinin Sevastopola səfəri Ukrayna qanunvericiliyinin kobud pozulmasıdır”
# 14 may 2014 08:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov bəyan edib.

Krım və Sevastopolun qeyri-qanuni işğal edildiyini deyən diplomat qeyd edib ki, bu ərazilərdə Ukrayna qanunları qüvvədədir və oraya giriş üçün icazəni Kiyev verir.

“Bu cür səfərlər qəbul edən tərəfin dəvəti əsasında baş tutur. Ukrayna isə belə dəvət göndərməyib. İkinci Dünya Müharibəsi zamanı xilaskar-ölkə imicini qazanmış Rusiya işğalçı ölkəyə çevrilib”, - deyə o vurğulayıb.

Donetsk və Luqansk vilayətlərində keçirilən referendumlara gəldikdə isə R.Rüstəmov onlarla bağlı məlumatların Ali Radaya göndəriləcəyini və orada nəzərdən keçiriləcəyini bildirib. O qeyd edib ki, Rusiya tərəfindən maliyyələşdirilmiş qondarma referendumlarda əhalinin 10 faizi səs verib.

Ukraynalı diplomat həmçinin bildirib ki, ölkəsində fəaliyyət göstərən təxribatçı qruplar Kreml tərəfindən istiqamətləndirilir.

“İstisna deyil ki, bununla da Rusiya təbii sərvətlərə nəzarəti əlində saxlamağa çalışır. Söhbət ilk növbədə şist qazı ehtiyatlarından gedir. Donetskdə şist qazının ehtiyatları 3.5 trln. kubmetr təşkil edir”, - deyə o vurğulayıb.

R. Rüstəmov Ukraynanın antiterror əməliyyatını davam etdirəcəyini də əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR