Akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir

Akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir
# 21 noyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunan “Neft-qaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

APA-nın məlumatına görə, iki günlük tədbir Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası və Başqırdıstan Elmlər Akademiyası tərəfindən təşkil edilib.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev açaraq bildirib ki, görkəmli elm xadimi, texniki elmlər doktoru, mərhum akademik Azad Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olub: "Unudulmaz alim ölkəmizin hazırkı inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib".

ARDNŞ-ın vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə mərhum alimin həyat və fəaliyyəti barədə geniş nitqlə çıxış edib: "Bakıda və xaricdə nəşr olunmuş kitabları, monoqrafiyaları Azad Mirzəcanzadəyə böyük uğur qazandırıb. Həmin o vəsaitlər xarici ölkələrdə dərslik kimi istifadə olunaraq elmə töhfələr verib".

Energetika naziri Natiq Əliyev bildirib ki, müdrik insan, böyük pedaqoq, əvəzedilməz müəllimin neft-qaz sənayesinin inkişafında mühüm rolu olub: "Akademik Azerbaycanda neft-qaz sənayesi sahəsində əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb. Son 15 ildə energetika sahəsində böyük nailiyyətlər əldə olunub, neft-qaz hasilatının həcmi dəfələrlə artıb".

Qeyd edək ki, konfransda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, ADNA-nın rektoru Siyavuş Qarayev, Başqırdıstan EA-nın prezidenti Ramil Baxtizin, Rusiya Təbiət Elmlər Akademiyasının birinci vitse-prezidenti Lida İvanitskaya çıxış ediblər.

Qeyd edək ki, konfrans noyabrın 22-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR