“Euronews” telekanalı "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı barədə süjet yayımlayıb

“Euronews” telekanalı "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı barədə süjet yayımlayıb
# 21 mart 2015 15:29 (UTC +04:00)

Bakı – APA. “Euronews” telekanalında Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı barədə süjet yayımlanıb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, süjetdə Festivalın ənənəvi olaraq Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə iki ildən bir Azərbaycanın paytaxtı Bakıda keçirildiyi bildirilir.

Süjetdə qeyd edilir ki, Festival çərçivəsində Bakıda və Azərbaycanın regionlarında dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə elmi simpozium və muğam müsabiqələri təşkil olunur. Azərbaycanın milli musiqi janrlarından biri olan muğam 2008-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Həmçinin süjetdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin və tanınmış musiqiçi Əlirza Qorbaninin festivalla bağlı fikirləri də səslənib. Bildirilir ki, tanınmış muğam ustalarının bu sahədəki nəzəri və praktiki təcrübələri Qərb dinləyicisinə bir növ Azərbaycanın müasir mədəni həyatı ilə tanış olmaq imkanı yaradır.

Telekanalın yayımladığı süjetdə Festival çərçivəsində Azərbaycanın tanınmış musiqiçisi və caz-muğam janrının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert barədə məlumat da yer alır. Tamaşaçıların diqqətinə çatdırılır ki, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı iki ildən sonra Azərbaycanın paytaxtı Bakıda yenidən təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR