Qubada hakim və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib

Qubada hakim və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib
# 24 aprel 2013 15:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda hakim və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edib. İclasda fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, ötən ay dövlət başçısının iştirakı ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə rəhbəri tərəfindən vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ciddi göstərişlər verilib.

Bununla bağlı ölkə başçısının tələblərinə, cəmiyyətdə etik davranış qaydalarına hakimlər və ədliyyə işçiləri tərəfindən dönmədən riayət olunmasının vacibliyi vurğulanıb, məhkəmələrdə aparılmış monitorinqlərin nəticələri müzakirə edilib, ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların müraciətlərinə daha həssas və qayğı ilə yanaşılması, əmək və icra intizamının möhkəmləndirilməsi, süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, habelə əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi və digər aidiyyəti tapşırıq və tövsiyələr verilib.

Eyni zamanda, bölgənin məhkəmələrinə və ədliyyə orqanlarına baş çəkilib, onların fəaliyyəti, iş şəraiti və problemləri ilə maraqlanılıb, müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR