Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı kəskin artıb

Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı kəskin artıb
# 05 mart 2013 08:07 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qadınların 57,3%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Ötən il doğulmuş 174,5 min körpənin 46,4%-ni qızlar təşkil edib.

«Ölkədə ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 24 doğum evi, 176 qadın məsləhətxanası, 281 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir», - deyə Komitədən bildirilib.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4%-dir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3%-i, orta ixtisas təhsil müəssisələrində 77,4%-i, ali təhsil müəssisələrində 49%-i, həkimlərin isə 63,9%-i qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,9%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,3%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48%-i qızlardır: «Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 30,8%-ni, bütün elmi işçilərin isə 53,6%-ni qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2%, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15% artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır».


Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 17%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır: «Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4 194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib».


Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2 285 nəfər olduğu halda, 2012-ci ildə 7 411 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR