Penitensiar Xidmət: İQAT Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə maneəsiz baş çəkib

Penitensiar Xidmət: İQAT Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə maneəsiz baş çəkib
# 19 sentyabr 2014 13:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Birləşmiş Millətlər Təşkilatının işgəncələrin qarşısının alınması üzrə Alt-Komitənin (İQAT) mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycanda fəaliyyətini dayandırması haqda yayılan məlumatlara münasibət bildirib.

Y. İsakov APA-nın sorğusuna cavab olaraq deyib ki, İşgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt-Komitəsi (İQAT) Azərbaycanın da tərəfdar olduğu BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın protokolu (OPCAT) əsasında mandatına uyğun olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrə maneəsiz baş çəkib: “Baş çəkmə proqramı çərçivəsində BMT nümayəndələri Penitensiar Xidmətin Müalicə müəssisəsinə 2 dəfə, həbsxanaya, 8 saylı Cəzaçəkmə müəssisəsinə, Bakı İstintaq təcridxanasına, 2 və 3 saylı İstintaq təcridxanalarına baş çəkib, onları maraqlandıran şəxslərlə təklikdə görüşüblər. Baş çəkmələr zamanı təqsirləndirilən şəxslərin və məhkumların saxlanılma şəraiti ilə bağlı BMT nümayəndələri tərəfindən Penitensiar Xidmətə heç bir irad bildirilməyib” .

Qeyd edək ki, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisi məlumat yayaraq bildirib ki, işgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt-Komitəsi (İQAT) Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın fakültativ protokolu (OPCAT) əsasında öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycana səfəri dayandırmaq qərarını verib. Onlar buna səbəb kimi nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə öz vəzifələrini tam yerinə yetirməsinin qarşısı alınmasını göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR