Avropa Parlamentində Qəbələ rayonunun təqdimatı keçirilib - FOTOSESSİYA

Avropa Parlamentində Qəbələ rayonunun təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2015 06:50 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, deputatların təqdimat proqramında Azərbaycanın Şimal bölgəsində yerləşən və ölkənin 66 rayonundan biri olan Qəbələ şəhərinin min il bundan əvvəl Qafqaz Albaniyasının paytaxtı olduğu, indi isə səfalı təbiəti, dağları, abidələri, turistik və əyləncə mərkəzləri, xizək kurortları və hər il keçirilən caz və klassik musiqi festivalları ilə məşhurlaşdığı deyilir.

Tədbirdə AP-nin bir neçə deputatı , AP-nin əməkdaşları, Azərbaycanın NATO yanında Daimi Nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim, Azərbaycanın Aİ yanında daimi Nümayəndəliyinin əməkdaşları və Brüsseldə akkreditə olunmuş digər xarici diplomatik korpusların nümayəndələri, Avropa İnstitutlarında təcrübə keçən azərbaycanlı və xarici gənclər, Avropada azərbaycanlı gənc mütəxəssisləri təşkilatının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

AP üzvü İvo Vaygl tədbir iştirakçıları qarşısında çıxış edərək Azərbaycanı Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşı kimi qiymətləndirib. O, Azərbaycanla Aİ arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün daima dialoq və təmasların aparıldığını bildirib. “Əlbəttə ki, biz tamamilə demokratik bir Azərbaycanı görmək arzusundayıq. Azərbaycan haqqında bəzən tənqidi danışsaq da, bu ölkənin dünyavilik, tolerantlıq kimi dəyərlərə malik olduğunu unutmamalıyıq.

Mən bu ölkənin dostuyam. Qəbələ rayonuna da səfər etmişəm. Bu çox gözəl, qədim tarixi və zəngin mədəniyyəti olan, insanlarının istiqanlılıq və qonaqpərvərliyi ilə seçilən bir şəhərdir”. İvo Vayql eyni zamanda, Azərbaycan haqqındakı təsüratlarını bölüşərək, Azərbaycan xalqı üçün böyük faciəyə çevrilmiş Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan ərazilərinin işğala məruz qaldığından bəhs edib.

AP-nin Slovakiyadan üzvü Boris Zala isə Azərbaycanı şəxsən ona və digər avropalı həmkarlarına tanıdan azərbaycanlı millət vəkili Elxan Süleymanovun xidmətlərini ayrıca qeyd edərək, təkcə Bakının deyil, Azərbaycanın Qəbələ kimi digər bölgə və rayonlarını Avropada tanıdılması vacibliyini vurğulayıb.

Bundan başqa, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçi missiyasının başçısı, səfir Arif Məmmədov, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Brüssel ofisinin rəhbəri Mark Vervilghen və Qəbələdə Savalan şərablarının istehsalı ilə məşğul olan “ASPI AGRO” MMC şirkətinin həmtəsisçisi Arif Rəhimov da çıxış ediblər.

Səfir Arif Məmmədov öz çıxışında 28 May Azərbaycanda Respublika Günü kimi qeyd olunduğunu xatırladaraq, tədbir iştirakçılarına bu şanlı tarix haqqında geniş məlumat verib, 97 il əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında ilk demokratik respublika olduğunu qeyd edib.

Azərbaycanın Aİ ilə əlaqələrinə, Azərbaycanın Avropadakı tutduğu mühüm yerə və burada daha da yaxşı tanıdılmasının vacibliyi haqda danışan AAC-nin Brüssel ofisinin rəhbəri Mark Vervilghen gələn ay Bakıda keçiriləcək İlk Avropa oyunlarına toxunaraq, yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan belə bir beynəlxalq yarışmanın həm Azərbaycan, həm də Avropa üçün mühüm tarixi bir hadisə olduğunu qeyd edib.

Arif Rəhimov sə öz növbəsində Qəbələdə fəaliyyət göstərən “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyəti və “Savalan” şərabları haqqında qonaqlara geniş məlumat verərək, yüksək keyfiyyətli texnologiyalarla istehsal olunan bu şərab növlərinin yaxın gələcəkdə Avropa bazarlarına da ixrac edilməsi perspektivindən söz açıb.

Çıxış edənlərin hamısı bu tədbirin 28 May tarixinə təsadüf etdiyini vurğulayaraq, Azərbaycan xalqını Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə təbrik ediblər.

Çıxışlardan sonra tədbir iştirakçılarına Qəbələ rayonunda istehsal olunan “Savalan” şərabının istehsal olunma prosesini əks etdirən videoçarx göstərilib.

Rəsmi hissə musiqi ilə tamamlandı, AP-nin deputatı İvo Vayqlın həyat yoldaşı Mojka Zlobko-Vayql qonaqlar üçün arfada bir neçə musiqi parçası ifa edib.

Sonda qonaqlara Azərbaycan mətbəxinin təamları və “Savalan” şərabı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR