68 yaşlı Bakı sakini Zaqatalada dağlarda itkin düşüb

68 yaşlı Bakı sakini Zaqatalada dağlarda itkin düşüb
# 03 sentyabr 2015 20:27 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. 68 yaşlı Bakı sakini Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşüb.

İtkin düşən şəxsin yaxınlarının APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, 1947-ci ildə Zaqatala rayonu Mazıx kəndində doğulan, hazırda Bakı şəhəri Xətai rayonunda qeydiyatda olan Şamil Məmmədoviç Əliyev avqust ayının əvvəlləri doğulduğu Zaqatala rayonuna qonaq gəlib. Avqustun ortalarında 68 yaşlı Şamil Əliyev Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin, Zaqatala rayonu ərazisindən keçən hissəsində “Şamilovka” adlanan yüksək dağlıq ərazidə yerləşən yaylağa gəzməyə gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra, Şamil Əliyev avqustun 28-i Zaqatalanın Mazıx kəndinə geri qayıtmağa başlaması barədə mobil telefon vasitəsi ilə yaxınlarına məlumat verib. Elə həmin gündən Şamil Əliyevlə əlaqə kəsilib, onun hansı istiqamətə getməsi məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqan əməkdaşları Şamil Əliyevin Bakı şəhərində yaşadığı evdə apardıqları axtarış tədbirləri nəticəsində onun geriyə Bakıda yaşadığı mənzilə qayıtmaması məlum olub.

Şamil Əliyevin yüksək dağlıq ərazidə itkin düşməsi barədə sentyabrın 1-i Zaqatala rayon Polis Şöbəsinə yazılı surətdə mürəciət edilib. Artıq sentyabrın 2-i və 3-ü tarixlərində Zaqatala RPŞ-nin 20-dən çox əməkdaşının və rayonun Mazıx və Car kəndlərinin 60-dan çox sakininin birgə yüksək dağlıq ərazidə apardıqları axtarışlar heç-bir nəticə verməyib.

Zaqatala RPŞ-dən APA-ya verilən məlumatda Şamil Əliyevin yüksək dağlıq ərazidə itkin düşməsi faktı təsdiqlənib, axtarışların davam etdirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR