Mübariz Qurbanlı: “Fransada baş verən hadisəni Milli Məclisdə qaldıracam”

Mübariz Qurbanlı: “Fransada baş verən hadisəni Milli Məclisdə qaldıracam”
# 27 fevral 2013 14:53 (UTC +04:00)

Bu barədə APA-ya açıqlama verən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, bu məsələni Milli Məclisin növbəti plenar iclasında qaldıracaq.

M. Qurbanlı deyib ki, Fransa hökumətindən, Milli Assambleyasından bu hadisəni törədən şəxslərin ortaya çıxarılaraq ciddi cəzalandırılması tələb olunacaq: “Biz Fransa hakimiyyətindən, Milli Assambleyasından tələb edəcəyik ki, bu hadisə ilə bağlı rəsmi açıqlama versin və hadisəni törədənlər ciddi cəzalandırılsın”.

M. Qurbanlının sözlərinə görə, Milli Məclisin növbəti iclasında Litva Seyminin bir qrup deputatı tərəfindən tanınmamış separatçı qurum olan “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupunun yaradılması haqqında bəyannamə imzalanmasına da münasibət bildirəcək.

YAP nümayəndəsi Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamənin qəbul edilməsinə də münasibət bildirib. O qeyd edib ki, ermənilər beynəlxalq miqyasda Türkiyəyə və Azərbaycana qarşı çox ciddi təxribatlarla məşğuldurlar, əleyhimizə kampaniya aparırlar: “Bosniya və Herseqovina Parlament Məclisinin qəbul etdiyi sənəd əsasən bir neçə məsələyə diqqət yetirir. Birincisi, burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər öz əksini tapır və qeyd olunur ki, Bosniya və Herseqovina parlamenti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə tərəfdardır. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sənəddə xüsusi vurğulanır. Digər bir müddəada Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərinin dinc əhalisinə qarşı milli və etnik zəmində kütləvi qırğın törədilməsi pislənilir və Xocalı hadisələri soyqırımı kimi qeyd olunur. Qətnamədə regionda sülh və əməkdaşlığa çağırışlar var və Azərbaycanın bölgədə apardığı siyasət birmənalı şəkildə müdafiə edilir. Eləcə də, ölkəmizin sülh səylərinin müdafiə edildiyi qeyd olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR