Alimlərə Nizami Gəncəvi adına medal və görkəmli şəxsiyyətlərin adlarını daşıyan mükafatlar təqdim edilib

Alimlərə Nizami Gəncəvi adına medal və görkəmli şəxsiyyətlərin adlarını daşıyan mükafatlar təqdim edilib
# 29 aprel 2015 09:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi illik yığıncağında ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub.

APA-nın xəbərinə görə, Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorov AMEA-nın ən yüksək mükafatına layiq görülüb.

Bu medal Azərbaycanın 2014-cü il 16 may tarixli qanunu ilə təsis edilib. Medal ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələr, əsərlər, kəşflər, ixtiralar, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilir.

İclasda həmçinin, AMEA-nın elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən 7 alimə Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlar təqdim edilib. Belə ki, akademik Cəmil Əziz oğlu Əliyev AMEA-nın Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Abbas oğlu Əliyev AMEA-nın Nəsrəddin Tusi, akademik Musa İsmayıl oğlu Rüstəmov AMEA-nın akademik Yusif Məmmədəliyev, akademik Teymur Əmiraslan oğlu Bünyadov AMEA-nın Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova AMEA-nın akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Hüseynəli oğlu Talıbov AMEA-nın Həsən bəy Zərdabi və geologiya-mineralogiya üzrə elmləri doktoru Məmməd İsa oğlu Çıraqov AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR