ADP İdarə Heyəti gündəmdəki aktual məsələləri müzakirə edib

ADP İdarə Heyəti gündəmdəki aktual məsələləri müzakirə edib
# 11 mart 2013 14:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin toplantısı keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ötən həftə ərzində baş verən bir sıra hadisələrə partiyanın münasibəti açıqlanıb. İlk növbədə martın 10-da gənclərin keçirdiyi aksiyaya münasibət bildirən İdarə Heyəti bəyanat qəbul edib.

Bəyanatda “Nida” Gənclər Hərəkatının fəallarının həbsi pislənib. Partiya bu gənclərin azadlığa buraxılmasını tələb edib, o cümlədən beynəlxalq təşkilatları, hüquq müdafiəçilərini həbs edilən gəncləri fəal müdafiə etməyə çağırıb.

Yığıncaqda korrupsiya cinayətlərini olduqca aşağı əməkhaqqı alan müəllim və həkimlər arasında deyil, dövlət maliyyəsinin ayrılması və xərclənməsinə dair qərarları qəbul edən yuxarı dairələrdə axtarmağın lazım olduğu vurğulanıb.

İdarə Heyəti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ATƏT-in Minsk Qrupuna Avropa Birliyinin nümayəndəsinin daxil edilməsi təklifini yüksək qiymətləndirib, bu ideyanın bir müddət əvvəl məhz ADP İdarə Heyətində səsləndirildiyini diqqətə çatdırmaqla yanaşı, Minsk Qrupuna NATO-nun nümayəndəsinin də dəvət edilməsinin ədalətli sülh prosesinə təkan verəcəyi qənaətini bir daha vurğulayıb.

Partiyanın mətbuat xidmətindən o da bildirilib ki, martın 10-da keçirilən aksiya zamanı həbs edilən ADP-nin fəal gənclərindən bir qismi axşam saatlarında azad edilsələr də, Osman Əhmədov və Azər Sadıqov həbsdə saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə partiya üzvləri 500 manat məbləğində inzibati qaydada cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR