Bakıda oğurluqla məşğul olan 3 qrup zərərsizləşdirilib

Bakıda oğurluqla məşğul olan 3 qrup zərərsizləşdirilib
# 27 aprel 2013 08:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Xəzər rayonunda oğurluqla məşğul olan 3 qrup zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bilgəh qəsəbə sakinləri – Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir aprelin 26-da yaxalanıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar aprelin 1-ə keçən gecə H.Eyvazov küçəsində yerləşən, Şakir Nəbiyevə məxsus mağazaya qapını sındırma yolu ilə daxil olub orada quraşdırılmış bankomatdan oğurluğa cəhd edib. Aprelin 19-a keçən gecə R.Məmmədov küçəsində yerləşən 4 saylı Qaz İstismar Stansiyasının inzibati binasında quraşdırılmış ödəniş terminalını sındırma yolu ilə 1592 manat oğurlayıb, aprelin 25-ə keçən gecə isə Milli Aviasiya Akademiyasının qarşısında yerləşən yeraltı keçiddə olan ödəniş terminalını oğurluq məqsədi ilə sındırıblar. Bundan başqa onların Sabunçu rayonu ərazisində də cinayət törətdikləri öyrənilib. Saxlanılan şəxslər martın 26-a keçən gecə Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsində yerləşən QİS-in otağından 2 ədəd ödəniş terminalı oğurlayıblar.

Bundan başqa Xəzər RPİ Post Patrul Xidməti Bölüyü və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əfqan Abdullayev aprelin 26-da yaxalanıb. Məlum olub ki, o, fevralın 15-ə keçən gecə Ədalət Rzayevə məxsus Buzovna qəsəbəsi Təmənis yeni yaşayış sahəsindəki evin darvazasını, aprelin 24-də isə Abşeron küçəsində yerləşən, Tahir Alıyevə məxsus mağazadan pəncərənin nəfəsliyini sındırma yolu ilə tütün məmulatları və danışıq kartları oğurlayıblar.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Buzovna qəsəbə sakinləri - Nəriman Şükürov, Zaur Rzayev və Ruslan Cumayev aprelin 26-da yaxalanıblar. Məlum olub ki, onlar 2012-ci il avqusutun 31-də M.Namazov küçəsində yerləşən, Fikrət İsmaylova məxsus mağazadan 60 manat və tütün məmulatları, bu il martın 22-nə keçən gecə R.İmanov küçəsində yerləşən, Rahib Əliyeva məxsus «Topaz» məntəqəsindən noutbuk, aprelin 22-nə keçən gecə isə həmin küçədə yerləşən, Cəlal Hacıyevə məxsus mağazadan 7 ədəd mobil telefon oğurlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR