Şəkidə baş verən yol qəzasında üç nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında üç nəfər xəsarət alıb
# 23 avqust 2015 18:09 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Daşbulaq kəndi ərazisində baş verib.

Şəki rayonu Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Elvin İslam oğlu İsmayılov idarə etdiyi “Mercedes” markalı, 55 BT 117 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb.

Qəzadan sonra sürücü Elvin İsmayılov, onun sərnişinləri, Daşbulaq kənd sakinləri- 1994-cü il təvəllüdlü, Elxan Əvəz oğlu Əmirli və 1997-ci il təvəllüdlü Elməddin Nadir oğlu Novruzlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Elvin İsmayılovun və Elməddin Novruzlunun xəsarətləri yüngül olduğundan xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Elxan Əmirlinin üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR