“AGBank” məcmu kapitalını artırıb

“AGBank” məcmu kapitalını artırıb
# 14 iyul 2014 14:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin II rübündə “AGBank”ın aktivlərinin həcmi 479,247 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,96% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,34% artaraq 374,674 mln. manat olub.

Bu dövrdə istehlak kreditlərinin həcmi 143,023 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 19.32% çoxdur.

Cari ilin iyul ayının 1-nə bankın avtomobil kreditlərinin cəmi 13,091 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 8,06% azdır.

İyul ayının 1-nə bankın ipoteka kreditlərinin həcmi 61,769 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 9,5% çoxdur. Kreditlərin 47,446 mln. (76,81%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcminə nəzər salanda məlum olur ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında problemli kreditlərin həcmi 19,66% artaraq 45,598 mln. manat olub.

2014-cü ilin iyul ayının 1-nə bankın depozit portfeli 17,46% artaraq 277,654 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 234,882 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 18,92% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,45% artaraq 51,250 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 25 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında 23,12% artaraq 33,937 mln. manat, xərcləri isə 19,57% artaraq 28,346 mln. manata çatıb.

Son hesabat dövrünə bankın əldə etdiyi mənfəət 3,257 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 18 filialı, 65 bankomatı, 2238 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR