Xocavənddə "Kitabi Dədə Qorqud" dastanına həsr olunmuş elmi tədbir keçirilib

Xocavənddə "Kitabi Dədə Qorqud" dastanına həsr olunmuş elmi tədbir keçirilib
# 13 aprel 2015 10:57 (UTC +04:00)

Xocavənd. Teymur Zahidoğlu-APA. Xocavənddə Alman diplomat və şərqşünas, türkoloq Fridrix fon Dits tərəfindən Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbir keçirilib.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı əsasında keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Elitar Gimnaziyanın, Qəbələ rayonu Nic kənd orta məktəbinin pedaqoji kollektivi və şagirdləri, həmçinin Beyləqan və Xocavənd məktəbliləri iştirak ediblər.

“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı “Kultura +” İnternet Televiziyası tərəfindən çəkilmiş film nümayiş olunub.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, “Kitabi-Dədə Qorqud” dastanında adı keçən Qaraçux dağı Xocavənd rayonunda yerləşir və Qaraca çobanla bağlı rəvayətlər əsas verir ki, dastanda bəhs olunan hadisələrin bir hissəsi məhz Nərgiztəpə yaxınlığında baş verib. Həmin dövrün adət-ənənələrini, yazı nümunələrini özündə əks etdirən məzar daşları ilə zəngin olan qədim qəbiristanlıqda qəbirlərdən birinin də məhz Qaraca çobana aid olmasına dair ehtimallar mövcuddur.

Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı mühazirəsi dinlənilib.

Daha sonra Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Beyləqan şəhərində Bakı şəhərindən Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta məktəbi, Beyləqan şəhər 1 saylı tam orta məktəbi və Xocavənd rayonu Salakətin kənd tam orta məktəbləri arasında “Qardaşlaşma haqqında” saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR