Bakının 49 saylı məktəbində rus bölməsinin fəaliyyəti dayandırılıb

Bakının 49 saylı məktəbində rus bölməsinin fəaliyyəti dayandırılıb
# 17 iyul 2014 14:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı şəhəri 49 saylı tam orta məktəbin rus bölməsinin fəaliyyəti dayandırılıb. APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi daxil olan sorğulara cavab olaraq bildirib ki, 49 saylı tam orta məktəbin rus bölməsinin fəaliyyətinin dayandırılması bu bölmədə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsi ilə əlaqədardır. Məsələn, bu məktəbin rus bölməsində 7 fənn üzrə müəllimin olmaması səbəbindən dərsə davamiyyət pozulur, nəticədə tədrisin ümumi keyfiyyəti aşağı düşür.


Bütün bunları nəzərə alaraq 49 saylı tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 saylı tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda, valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.

Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR