Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT nümayəndələri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri BMT nümayəndələri ilə görüşüb
# 06 fevral 2013 14:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT baş katibinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstandakı yardım missiyasının rəhbəri Jan Kubis və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Antonius Bernardus Broek ilə görüşüb.


Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan və Əfqanıstan arasında iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı tərəf kimi çıxış etdiyini diqqətə çatdıran nazir Ə.Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə Əfqanıstanın RİTN arasında əlaqələr qurulduğunu, həmçinin əfqan həmkarı Sanqin Əmirzai ilə İKT sahəsinin inkişafı istiqamətində danışıqlar apardıqlarını vurğulayıb.

Əfqanıstanın iqtisadi inkişafı ilə bağlı BMT-nin İnkişaf Proqramının hazırda müxtəlif donor ölkələr və təşkilatlar vasitəsilə yeni layihə üzərində çalışdığını deyən J.Kubis qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın da bu prosesə cəlbi arzuolunandır: «Əfqanıstanda rabitə və informasiya texnologiyaları infrastrukturunun inkişafı, “Elektron hökumət” sistemlərinin qurulması, azərbaycanlı investorların bu ölkənin İKT sektoruna investisiyalar qoyması artıq Əfqanıstanın əlaqədar nazirliyi ilə müzakirə mövzusudur və bu istiqamətdə ilkin addımlar atılmaqdadır».

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin xüsusi nümayəndəsinin bu yaxınlarda Əfqanıstanda olduğunu da xatırladan BMT rəsmisi bildirib ki, bu istiqamətdə ilkin araşdırmalar, müvafiq strukturlarla danışıqlar aparıldıqdan sonra xüsusi təkliflər paketinin hazırlanmasına başlanılıb.

İki il əvvəl BMT Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı baş katibi postunda olarkən «Bakutel» sərgi-konfransı çərçivəsində UNECE və Azərbaycan RİTN-in birgə təşkil etdiyi forumda Azərbaycanın İKT sahəsi və ölkənin bu sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazandığını bildirən J.Kubis nazirliyin bu cür təşəbbüslərə qoşulmasını yüksək qiymətləndirib: «Əfqanıstan Azərbaycanın təcrübəsinə arxalanır və ondan kömək istəyir. Bu ölkədə müvafiq təcrübə tətbiq edilərsə, Azərbaycanda olduğu kimi Əfqanıstanda da İKT sahəsində yüksək çiçəklənmə müşahidə edilə bilər. Ümid edirik ki, BMT, Azərbaycan və Əfqanıstan bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər».

Azərbaycanda UNECE-nin Dövlət-özəl sektor Əməkdaşlığı Qlobal Mərkəzinin yaradılacağını və bu mərkəzdən bütün region ölkələrinin istifadə edəcəyini qeyd edən BMT rəsmisinin sözlərinə görə, hazırda kadr çatışmazlığı ilə üzləşən əfqan mütəxəssisləri də bu mərkəzin fəaliyyətindən faydalana bilərlər: «Azərbaycan İKT-nin daha çox təcrübə topladığı istiqamətləri üzrə gələcəkdə əfqan mütəxəssislərini də təlimlərə cəlb edərsə, bu, daha səmərəli olar».

Təklifi müsbət qarşılayan Ə.Abbasov öz növbəsində ölkədə İnformasiya Texnologiyaları Universitetinin yaradılacağını, universitetdə təşkil olunacaq təlimlərə digər xarici ölkələrlə yanaşı, Əfqanıstandan da mütəxəssislərin cəlb ediləcəyini, eyni zamanda ölkələr arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və İKT sahəsində təcrübələrin əldə edilməsi ilə bağlı kompleks işlərin aparılacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR