Bakının Yasamal rayonunda daha bir küçə təmirə bağlanıb

Bakının Yasamal rayonunda daha bir küçə təmirə bağlanıb
# 08 may 2015 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Müzəffər Həsənov küçəsinin bir hissəsi təmir işləri ilə əlaqədar bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirilir. Kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir.

Bu gündən etibarən M. Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən aparılan təmir işlərinə anlayışla davranmaları xahiş edilir və alternativ olaraq Həsən bəy Zərdabi prospektindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyadzadə küçəsinin kəsişməsinədək olan ərazisində aparılıb. Artıq küçənin bu hissəsi yeni müasir görkəmdə sürücülərin ixtiyarına verilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü döşənib, yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

Analoji işlər küçənin bu gün bağlanan ərazisində və “Şamaxinka” ərazisinə qədər olan hissəsində də “Azəryolservis” ASC tərəfindən həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR