Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 25 fevral 2013 16:59 (UTC +04:00)

Bakı – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantının ötən həftə görülən işlərə dair müzakirələrində Qubad İbadoğlu Naxçıvan səfəri, daha sonra müxtəlif səfirliklərin və QHT-lərin təşkil etdiyi tədbirlərdə apardığı müzakirələr haqda danışıb.

Partiyadaxili məsələlərin müzakirəsi zamanı Arif Hacılı Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası təşkilatının keçirdiyi konfrans və Binəqədi təşkilatının keçirdiyi ümumi yığıncaq barədə məlumat verib. O, hər iki tədbirin yaxşı səviyyədə baş tutduğunu və bu təşkilatların fəaliyyətinin daha da güclənəcəyini deyib.

Divanda yanvarın 12-də və 26-da keçirilən etiraz aksiyaları zamanı tətbiq olunan küllü miqdarda cərimələr məsələsi bir daha müzakirə olunub. Tural Abbaslı barəsində cərimə tətbiq olunan şəxslərin durum və bu məsələ ilə bağlı gələcək fəaliyyət istiqamətlərinə dair son vəziyyət haqqında danışıb.

Divanda qeyd olunub ki, məhkəmə icraçıları tərəfindən Tural Abbaslının yaşadığı evdəki əşyalar siyahıya alınıb, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının valideynlərinin evindəki xalçalar, Azad Gənclik Təşkilatının sədri Ülvü Həsənlidən dostuna məxsus noutbuk və mobil telefon müsadirə olunub, N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərin yaşadığı evdə atası İsa Qəmbərə məxsus ev əşyaları qeydə alınıb, məhkəmə icraçıları jurnalist Xədicə İsmayıla isə cəriməni ödəməsinə dair xəbərdarlıq edilib. Divan etiraz aksiyalarına çıxan gənclərin və fəalların cərimə olunmasını qeyri-qanuni saydığını bəyən edib.

Daha sonra Q.İbadoğlu Müsavat başqanının İsmayıllı hadisələrinə görə həbs olunan müavini Tofiq Yaqublunun hüquqlarının müdafiə komitəsinin onun tez bir zamanda azadlığa buraxılması istiqamətində görülən işlərdən, eləcə də vətəndaş cəmiyyətinin bu istiqamətdə təşəbbüslərindən danışıb.

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini N.Yaqublunun işi ilə bağlı keçirilən məhkəmə prosesi barədə də ətraflı məlumat verilib. Divan N.Yaqublunun məhkəmə prosesinin diqqətdə saxlanıldığını bildirib.

İctimai-siyasi duruma dair müzakirələrdə Divan Ermənistanda keçirilən son prezident seçkilərini də müzakirə edib. Bildirilib ki, Ermənistanda seçkilərin saxtalaşdırılmasına baxmayaraq, beynəlxalq birlik seçkilərin nəticələrini əsasən müsbət qiymətləndirib. Aparıcı müxalifət qüvvələrinin seçkidə iştirak etməməsinə və beynəlxalq birliyin seçkilərdə rəqabətin olmadığına dair mövqe bildirməsinə baxmayaraq, Serj Sərkisyanın prezident seçilməsinin qeyri-legitimliyi məsələsində beynəlxalq birlik birmənalı şəkildə təpki göstərməyib.

Divanda bildirilib ki, İctimai Palata Xocalı hadisəsinin ildönümü ilə bağlı fevralın 26-da saat 14:00-da “Ana fəryadı” abidəsini ziyarət edəcək. Ziyarət Xətai metrosunun qarşısından başlayacaq.

Toplantının sonunda cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR