Azərbaycan Dövlət Gömrük Komitəsinin yeni qurumu sahibkarlara məsləhət xidməti göstərəcək

Azərbaycan Dövlət Gömrük Komitəsinin yeni qurumu sahibkarlara məsləhət xidməti göstərəcək
# 11 fevral 2013 07:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) qurumun tərkibində olan «Azərterminalkompleks» Birliyi haqqında əsasnaməni təsdiqləyib. Əsasnaməyə görə, DGK-nin strukturuna daxil olan «Azərterminalkompleks» Birliyinin əsas fəaliyyəti müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərmək və dövlət mülkiyyətinə keçirilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq gömrük hərraclarında satışını təşkil etməkdən ibarətdir.

Belə ki, Birlik bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin və qanunvericiliklə tələb olunan digər sənədlərin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində xidmətlər (o cümlədən, elektron formada) göstərir. Bundan başqa, gömrük sərhədindən keçirilən yüklənmiş nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə onların gömrük sərhəd-buraxılış məntəqələrində yerləşdirilmiş yoxlama tərəzilərində çəkilməsini təmin edir.

Birlik dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışını təşkil etməli və əldə olunmuş vəsaitlərin aidiyyəti üzrə köçürülməsini də təmin etməlidir.

Əsasnaməyə görə, «Azərterminalkompleks» Birliyinə Komitənin razılığı ilə nəşriyyat və poliqrafiya fəaliyyətini həyata keçirmək, o cümlədən həmin fəaliyyət nəticəsində əldə edilmiş məhsulların satışını təşkil etmək hüququ da verilib.

Azərbaycanın gömrük ərazisində yerləşən anbarlarda, terminallarda və digər yerlərdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin etmək də «Azərterminalkompleks» Birliyinə həvalə edilib.

Bundan başqa, «Azərterminalkompleks» dünya əmtəə və xidmətlər bazarının konyunkturasını öyrənmək və əldə edilmiş məlumatlardan istifadə etməklə məlumatlandırma və məsləhət xarakterli xidmətlər göstərmək səlahiyyətinə də malik olacaq.

Birliyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Əsasnaməyə görə, «Azərterminalkompleks» Birliyi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir və qurumun saxlanma xərcləri həmin mənbələr hesabına maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR