Gürcüstan prezidenti yeni hökumətin tərkibini təsdiqləməkdən imtina edib

Gürcüstan prezidenti yeni hökumətin tərkibini təsdiqləməkdən imtina edib
# 01 may 2015 09:50 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş nazir İrakli Qaribaşvili tərəfindən təqdim edilən yeni hökumətin tərkibini təsdiqləməyib.

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, dövlət başçısı bildirib ki, rahat şəraitdə Nazirlər Kabinetinin yeni tərkibini müəyyənləşdirmək üçün İ. Qaribaşviliyə və parlamentə 1 həftə vaxt verir. “Mən baş nazirə və parlamentə daha sakit şəraitdə məsləhətləşmə apararaq hökumətin tərkibini müəyyənləşdirmək imkanı verirəm. Konstitusiyanın mənə verdiyi hüquqdan istifadə edərək hökumətin yeni siyahısına imza atmağı bir həftəlik təxirə salıram”, - deyə o, söyləyib.

Xatırladaq ki, aprelin 29-da gənclər və idman naziri Levan Kipiani istefa verdikdən sonra Konstitusiyaya əsasən hökumət istefa getmiş sayılıb. Belə ki, Nazirlər Kabineti fəaliyyətdə olduğu müddət ərzində tərkibin üçdə biri (7 nazir) istefa verərsə, hökumət istefa getmiş sayılır. L. Kipiani isə ötən müddət ərzində vəzifəsindən istefa verən 7-ci nazir olub. Baş nazir İrakli Qaribaşvili yeni hökumətdə yalnız 2 yeni nazirin olacağını açıqlayıb. O, gənclər, idman naziri və təbii ehtiyatlar, ətraf mühit nazirlərinin dəyişəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR