Ramil Usubov İranın Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov İranın Azərbaycandakı səfirini qəbul edib
# 27 dekabr 2012 14:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Möhsün Pakayini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra nazir R.Usubov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı barədə danışıb. R. Usubov həmçinin qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür və respublikada kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ölkəmizdəki əcnəbilərin, o cümlədən İran vətəndaşlarının da təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb. Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin aktuallığını nəzərə çatdıran Ramil Usubov əməkdaşlığın böyük imkanlara malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.

Möhsün Pakayin iki dövlətlərin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulayıb. Səfir təmsil etdiyi ölkənin daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın dəvətini Ramil Usubovun diqqətinə çatdırıb. İşgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR