Milli Məclisdə İTV-nin Yayım Şurasına seçkilər keçirilib

Milli Məclisdə İTV-nin Yayım Şurasına seçkilər keçirilib
# 19 aprel 2013 10:04 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, layihə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin imzası ilə daxil olub.

O qeyd edib ki, Şurada idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən təmsil olunan nümayəndələrin səlahiyyət müddəti başa çatdığı üçün həmin yerlərə namizədlər təqdim olunub.

İdman federasiyaları tərəfindən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı bir yer üçün namizəd olaraq təqdim ediliblər.

Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi Xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu namizəd kimi tövsiyə olunublar.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası sədrlə birlikdə müxtəlif sahəni təmsil edən 9 nəfərdən ibarətdir və hər bir üzvün səlahiyyət müddəti 6 ildir.

Müzakirələr zamanı deputat Fəzail İbrahimli İTV-nin “Eurovision”la bağlı fəaliyyətinə diqqət çəkib və bunu təqdirəlayiq hesab edib. Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, İTV-də aşıq verilişlərini azaltmaq lazım deyil: “İTV aşıq sənətini gündəmdə saxlamaqla, bunu qorumaqla Avropa musiqisi məkanına qoşulub. Bu baxımdan da onların hansınınsa azaldılmasına ehtiyac yoxdur”.

Deputat Qənirə Paşayeva isə bildirib ki, İTV-yə cəmiyyətdə böyük rəğbət bəslənilir, çünki bu televiziyada mənəviyyata zidd heç bir proqram verilmir. O, xaricdə yaşayan Azərbaycan əsilli insanlar üçün İTV-də Azərbaycan dili ilə bağlı öyrədici verilişin yayımlanmasının vacibliyini qeyd edib.

Müzakirələrdən sonra səsvermə keçirilib və hər 3 yerə seçkilər keçirilib. İdman federasiyaları tərəfindən verilən namizədlərdən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, Yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR