Kim daha çox cinayət törədir: ruhi xəstələr, yoxsa sağlam insanlar? - VİDEO

Kim daha çox cinayət törədir: ruhi xəstələr, yoxsa sağlam insanlar?  - <span style="color: red;">VİDEO
# 04 iyul 2014 11:21 (UTC +04:00)

"Psixi xəstələrin cəmiyyət üçün təhlükəli olması Sovet təfəkkürünün yanaşmasıdır. Statistika göstərir ki, bu tip insanların törətdiyi hadisələr ümumi cinayətlərin 1 faizini təşkil edir. Hər yaş üçün spesifik cinayət var. Gənclərdə xuliqanlıq, qocalarda qısqanclıq, orta yaşlı insanlarda isə morfizim ortaya çıxır". Bu fikirləri APA TV -yə müsahibəsində Maştağa Ruhi-Əsəb Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyib.

“Xəstələr də cəmiyyətimizin üzvləridir. Amma inandırım ki, onlarla müqayisədə sağlam adamlar daha çox cinayətlər törədir. Sadəcə müəyyən cinayətkar qruplar bizim xəstələrdən istifadə edirlər. Sonradan bu xəstələr tutulur. Günah onun olmasa da, məhz xəstə olduğu üçün günahı onun üzərinə atırlar".

Bəziləri müəyyən cinayət əməli törətmiş və psixi xəstə olmayanların adi rejimli müalicə şöbəsinə müvəqqəti yatırıldığını, buradan da azadlığa çıxdığını iddia edir. Baş həkim deyir ki, bu iddialar həqiqətə uyğun deyil: "Bilirsiniz, birincisi bura məhkəmə qərarı ilə göndərilən şəxsləri biz yox, başqa bir təşkilatın müəyyənləşdirdiyi komissiya yoxlayaraq rəy verir. Həmin komissiyanın üzvləri professorlardan ibarətdir. Dustaqlarla bağlı işi Məhkəmə-Tibbi Psixiatrik Ekspertiza şöbəsi həyata keçirir. Komissiya şəxsin anlaqlı, yaxud anlaqsız vəziyyətdə olduğunu müəyyənləşdirərək rəy verir. 6 ayda bir dəfə müvafiq komissiya həmin xəstələri yoxlayır. Əgər müsbət rəy verilirsə, həmin şəxsin buradan çıxması məsələsinə məhkəmə baxaraq qərar qəbul edir”.

Baş həkimin sözlərinə görə, hadisənin ruhi xəstələr tərəfindən törədilməsi cəmiyyətdə belə bir fikir formalaşdırır ki, belə xəstələrin evdə saxlanılması məqsədəuyğun deyil. Əgər şəxs ruhi xəstədirsə, o mütləq xəstəxanada müalicə olunmalıdır.

"İnsanlar düşünürlər ki, psixi xəstələr mütləq qapalı şəkildə saxlanılmalıdır. Son vaxtlar çalışırıq ki, 1 günlük və yaxud 5 günlük də olsa evə buraxaq ki, hospital sindromundan qurtarsınlar. Çünki belə olan halda xəstə bir yerə öyrənir və kənarda yaşaya bilmir. Bu sindromu aradan qaldırmaq üçün də onları doğmalarının, əzizlərinin əhatəsinə buraxırıq. Onların buna daha çox ehtiyacı var. Sonra, əgər vəziyyətləri yenidən pisləşərsə, yenidən onları qəbul etməyə hazırıq”.

Xəstəxanada sağalandan sonra evinə dönərək çox normal şəkildə yaşayanlar ruhi xəstələr də var. Ancaq bunlar ümumi xəstələrin təxminən 5-10 faizini təşkil edir. Belələri xəstəxanaya ya heç qayıtmır, yaxud qayıtsa da 5-10 ildən sonra gəlib qısamüddətli müalicə alandan sonra yenə çıxıb gedir.

Yeri gəlmişkən, xəstələr burada ölürsə, yiyəsi olmayan, yaxud qohumları sahib çıxmayan xəstələrin meyitləri Hövsan qəsəbəsindəki “Kimsəsizlər qəbiristanlığı”nda basdırılır. Avropada psixikasında pozuntu olan şəxsin xəstəxanada saxlanma müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, onu ruhi-əsəb xəstəxanasında saxlamağa heç kimin ixtiyarı yoxdur. 2001-ci ildə “Psixiatriya yardımı haqqında” qəbul olunmuş qanuna görə, stasionardan çıxarma qaydalarında göstərilir ki, xəstənin özünün, yaxud yaxın qohumlarının ərizəsi və həkimin rəyinə əsasən müalicə dövrü tamam olduqda, ruhi xəstə xəstəxanadan çıxarıla bilər. Hər bir ruhi xəstə övladı olan valideyndirsə, həkimlərin dediklərinə ciddi əməl etməlidir. Əks halda onu evdə saxlamaqla həm özünü, həm də övladını təhlükəyə atmış olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR