Bu gün 70-dən artıq icmanın məscidində Qazi Qarabağ azanı verilib - FOTO

Bu gün 70-dən artıq icmanın məscidində Qazi Qarabağ azanı verilib - <span style="color: red;">FOTO
# 26 fevral 2013 11:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Fevralın 22-dən start götürən “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası çərçivəsində bu gün Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, ölkənin digər regionları üzrə isə 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və hər icmanın məscidində Qazi Qarabağ azanı verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, proses hazırda da davam edir.

Qeyd edək ki, kampaniya çərçivəsində fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəbhənin 2 kilometrliyində yerləşən “Cümşüd” məscidində sözügedən azan səsləndirilib. Həmin tədbirdə Dini Komitənin sədri Elşad İskəndərov tərəfindən irəli sürülən təşəbbüs dini icmalar tərəfindən dəstəklənib. Belə ki, Dövlət Komitəsinin sədri Qazi Qarabağ azanının ən azı həftədə bir gün - Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürüb. Bundan başqa Xocalı soyqırımı günü adıçəkilən azanın ölkə məscidləri ilə yanaşı dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülüb və xarici müsəlman ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənib.

Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilib və lentə köçürülüb. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəbhə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənib. “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır. Xatırladaq ki, “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Xocalıya Ədalət Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İB-nin dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR