Azərbaycanda baş verən zəlzələlər Şamaxı-Qobustan və Abşeron yarımadasındakı bəzi vulkanları oyadır

Azərbaycanda baş verən zəlzələlər Şamaxı-Qobustan və Abşeron yarımadasındakı bəzi vulkanları oyadır
# 05 aprel 2013 14:16 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev deyib. Onun sözlərinə görə, bu, ötən ilin oktyabr ayından başlanan “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi” adlı tədqiqata əsasən müəyyən edilib.

Tədqiqatlar zamanı Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənilib qiymətləndirilməsi həyata keçirilib. İtaliyanın Bikokka Milan Universitetinin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Alessandro Tibaldi ilə keçirilən tədqiqatlar 2013-cü ildə Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirovla birlikdə davam edib.

Tədqiqatlar zamanı alınan nəticələrə və püskürmələrin statistik məlumatlarına əsasən, baş vermiş güclü zəlzələlər Abşeron yarımadasında və Şamaxı-Qobustan ərazisində olan palçıq vulkanların püskürməsinə səbəb olur. 2000-ci ildə Xəzər dənizində baş verən zəlzələdən sonra püskürmə dinamikası püskürmədən əvvəlki dinamika ilə müqayisədə artıb. Qeyd edilən ərazidə palçıq vulkanların əksəriyyəti 2000-ci ilin zəlzələdən 10 il əvvəlki müddətdə, demək olar ki, aktiv deyildi. Lakin zəlzələdən sonra aktivləşmə dəfələrlə artıb.

Araşdırmalar zamanı Geologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan “Azərbaycanda palçıq vulkanların kataloqu” yaxından öyrənilib və zəlzələdən 50 il qabaqkı zaman nəzərə alınıb: “Müşahidə etdik ki, 50 il ərzində püskürmələr baş versə də, intensivlik zəlzələdən 5 il sonrakı müddətlə müqayisədə güclü olmayıb. Araşdırmalar zamanı məlum olub ki, baş verən güclü zəlzələlər Abşeron yarımadası və Şamaxı-Qobustan ərazisindəki Qotur, Durandağ, Çapılmış, Buzovna sopkası, Daşgil, Lökbatan, Keyreki, Ziqilpiri, Daşmərdan, Zığ, Şorsulu, Ayrantökən, Şeytanud, Çeildağ vulkanlarını oyadır, onların püskürməsinə səbəb olur. Vulkanların statik və dinamik şəraitin öyrənməsinə aid olan müasir üsul və yanaşmaları tətbiq etməklə, bu nəticəyə gəlmək olar ki, zəlzələdən sonra Şamaxı-Qobustan ərazisində olan palçıq vulkanlar yer qabığının sıxılma (crustal contraction, ingilis dilində), Abşeron yarımadasının palçıq vulkanları isə yer qabığının genişlənmə (crustal dilatation, ingilis dilində) şəraitindədir və püskürmələr bu şəraitlərdən əmələ gəlir. Bu istiqamətdə tədqiqatlar davam edir, digər üsullar tətbiq olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR