Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 03 mart 2015 14:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə mərhum Elnarə Tofiqqızının əməliyyatında assistent kimi iştirak etmiş cərrah Fərəcullah İdrisov ifadə verib. A. Niftəliyev bildirib ki, F. İdrisov məhkəməyə gəlməkdən imtina etdiyi üçün ötən proses zamanı onun barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib. Bu gün polis əməkdaşları tərəfindən məhkəməyə gətirilən F. İdrisov ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edib. Ona bununla bağlı sual verilən zaman isə F. İdrisov hansı səbəbdən ifadəsindən imtina etdiyini açıqlamayıb.

A. Nifətliyev bildirib ki, növbəti prosesdə cinayət işinin ibtidai istintaqa qaytarılması və F. İdrisovun yalan ifadə verdiyi üçün barəsində tədbir görülməsi haqqında yazılı vəsatətlə məhkəməyə müraciət edəcəklər.

Proses martın 18-də davam etdiriləcək.

Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR