Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci il fevralın 1-nə 15 135 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 452 mln. manat və ya 19,33% çoxdur. Eyni zamanda, dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında depozitlərin həcmi 318,4 mln. manat və ya 2,06% azalıb.
Depozitlərin tərkibində 7 121,3 mln. manatı və ya 47,05%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin fevralın 1-nə nisbətən 669,9 mln. manat və ya 10,38% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin fevralın 1-nə 8 013,6 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 782 mln. manat və ya 28,6% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 246,9 mln. manatı və ya 53%-i maliyyə təşkilatların depozitlərinin, 3 766,7 mln. manatı və ya 47%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
Yerli banklarda depozitlərin 7 330 milyonu manatla, 7 805 milyonu isə xarici valyutada yerləşdirilib.