Ötən il Ombudsmana hərbi qulluqçulardan və onların ailə üzvlərindən 695 müraciət daxil olub

Ötən il Ombudsmana hərbi qulluqçulardan və onların ailə üzvlərindən 695 müraciət daxil olub
# 04 mart 2013 12:10 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ötən il Ombudsmana həqiqi hərbi xidmətdə, ehtiyatda və istefada olan hərbi qulluqçulardan və onların ailə üzvlərindən 695 müraciət daxil olub. APA-nın xəbərinə görə, bu barədə ombudsman Elmira Süleymanovanın 2012-ci il üzrə illik məruzəsində qeyd edilib. Həmin müraciətlərdə hərbi xidmətə yararlılığın obyektiv yoxlanılmaması, hərbi qulluqçuların mənzillə təmin edilməsi məsələləri, ehtiyatda olan hərbi qulluqçulara pensiya artımının hesablanması, Müdafiə Nazirliyi tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsi, müqavilə üzrə xidmət müddəti başa çatmış hərbi qulluqçuların vaxtında xidmətdən tərxis olunmaması, hərbi idarəetmə orqanları tərəfindən müraciətlərin cavablandırılmaması, hərbi biletin verilməməsi,”Müharibə veteranı” statusunun verilməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılmaması əks olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli strukturları tərəfindən vətəndaş münasibətlərinə biganə münasibət, Müdafiə Nazirliyinin mərkəzi arxivinə göndərilən sorğu və müraciətlərin uzun müddət cavabsız qalması həm hərbi qulluqçuların, həm də istefaya və ehtiyata buraxılan şəxslərin hüquqlarından yetərincə istifadə etmələrinə imkan verməyib. Ombudsman məruzədə qeyd edib ki, hərbi qulluqçular arasında ağır nəticələrə səbəb olan qarşılıqlı münasibətlər, komandir və rəis heyəti tərəfindən tabelikdə olan hərbi qulluqçuları təhqir etmə kimi halların baş verməsi orduda şəxsi heyətin döyüş ruhuna və psixoloji hazırlığına mənfi təsir edir: “Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların hüquqlarının pozulması halları çağırış prosesinə təsir göstərir və hərbi xidmətə ictimai nəzarətin tətbiqini zəruriləşdirir”.

Ombudsman həmçinin zabitlərə, gizirlərə və müddətdən artıq xidmət keçən hərbi qulluqçulara verilən pul kompensasiyalarının miqdarının real tələbata uyğunlaşdırılmasını, yaşayış yeri xidmətdən uzaq olduğu hallarda nəqliyyat xərcliyinin nəzərdə tutulmasını, hərbi qulluqçulara verilən əmək haqqının və digər gəlirlərin fiziki şəxslərin gəlir vergisindən azad edilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR