Rusiya səfiri: “Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb”

Rusiya səfiri: “Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb”
# 06 fevral 2013 13:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Ötən ilin 11 ayının yekunlarına əsasən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 23,3 faiz artaraq 3,2 milyard dollarlıq rekord göstəriciyə çatıb.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Rusiya Türkiyədən sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda ölkəmiz Rusiyanın ticarət tərəfdaşları siyahısında 4-5-ci yerləri bölüşür. Rusiyanın Azərbaycana ixrac etdiyi məhsulların 90 faizini maşınlar, avadanlıq, nəqliyyat vasitələri və ərzaq təşkil edir. Azərbaycanın isə qonşu ölkəyə idxal etdiyi məhsulların 60 faizini mineral məhsullar, 30 faizini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir. Rusiya Azərbaycana təxminən 60-70 milyon dollarlıq sərmayə yatırıb.

Səfirin sözlərinə görə, ölkələr arasında münasibətlərin möhkəmlənməsində Rusiyada sayları təxminən 600 min – 3 milyon arasında olan Azərbaycan diasporunun rolu böyükdür. Rusiya Mərkəzi Bankının məlumatına görə, ötən il bu ölkədən pul köçürmələrinin həcminə görə Azərbaycan digər MDB ölkələrini qabaqlayır. Rusiyadan Azərbaycana hər bank köçürməsində orta hesabla 617 dollar göndərilir. İki ölkə arasında həftədə 88 aviareys və 10 qatar reysi həyata keçirilir.

Görüş iştirakçılarının Azərbaycanın Gömrük İttifaqına və Avrasiya Birliyinə iştirakı ehtimalına dair sualı cavablandıran səfir qeyd edib ki, Rusiyanın Avrasiya iqtisadi Birliyi ilə bağlı konkret planları var, lakin heç kim Azərbaycanı bu birliklərə qoşulmağa məcbur etmir: “Əgər Azərbaycan MDB ölkələri ilə münasibətləri ikitərəfli qaydada inkişaf etdirmək istəyirsə, biz bunu anlayışla qarşılayırıq. Azərbaycanın digər ölkələrlə arzu etdiyi şəkildə əməkdaşlıq etmək hüququ var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR