Bakıda kredit bürolarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda kredit bürolarına həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 30 aprel 2013 08:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) təşkilatçılığı ilə Azərbaycanda kredit bürolarının yaradılması məsələsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, konfransda çıxış edən IFC və 10 kommersiya bankının iştirakı ilə yaradılmış Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsinin sədri Rauf Axundov bəyan edib ki, hazırda kredit büroları haqqında qanun layihəsi parlament səviyyəsində müzakirə olunur və onun qəbul olunması əsas məsələdir. R.Axundovun fikrincə, Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti ilə yanaşı ölkədə özəl kredit büroların yaradılması maliyyə sektorunda şəffaflığı artıracaq, borcalma sahəsində intizamı yüksəldəcək və ümumilikdə kreditləşmə prosesinə müsbət təsir göstərəcək.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin sədri Elçin Həbibov öz növbəsində qurum barədə məlumat verib və bildirib ki, bu ilin I rübündə MKR tərəfindən 430 mindən artıq sorğu emal edilib. Ümumilikdə isə hazırda MKR-də təxminən 1,6 mln. borcalan və 4,7 mln-a yaxın kredit barədə məlumatlar toplanılıb.

Konfransda əsasən xarici mütəxəssislər çıxış edib və məruzələrində dünya praktikasında kredit bürolarının yaradılması və fəaliyyəti haqqında məlumat veriblər. O cümlədən, konfransda bəyan edilib ki, dövlət büroları ilə yanaşı özəl büroların olması nəticəsində daha yüksək şəffaflığa nail olunur. Bundan əlavə, özəl bürolar həmçinin daha geniş sahələri əhatə edir, o cümlədən, dünya praktikasında özəl kredit büroları bütün borcları və borclar olan sahələri əhatə edir. Məsələn, söhbət telekommunikasiya, kommunal və sair borclardan gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR