Fuad Qəhrəmanlı: “Seçkilərdə iştirakla bağlı yekun qərar seçkilər ərəfəsində veriləcək”

Fuad Qəhrəmanlı: “Seçkilərdə iştirakla bağlı yekun qərar seçkilər ərəfəsində veriləcək”
# 06 fevral 2013 16:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Yaz aylarından kütləvi etiraz aksiyalarına start veriləcəyi ehtimal olunur”.

Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. O bildirib ki, aksiyaların vaxtının təyin edilməsi məsələsi İctimai Palatanın Koordinasiya Şurasına həvalə edilib. İctimai Palatanın fevralın 9-da keçiriləcək sessiyasında bu məsələ müzakirə oluna bilər: “Çünki artıq bölgələrdə etirazlar keçirilir. Yəni bizim yenidən kütləvi aksiyalara start verməyimiz gündəmə gəlib”.

F. Qəhrəmanlı AXCP-nin prezident seçkilərində iştirak edib-etməməsi ilə bağlı mövqeyinə də aydınlıq gətirib: “AXCP indiki halda ölkədə demokratik seçki mühitinin yaradılması istiqamətində fəaliyyətə üstünlük verib və məsələnin İctimai Palata çərçivəsində həllinin tərəfdarıdır. Bununla yanaşı AXCP öz içərisində də təşkilatlanma prosesini davam etdirir. Yekun qərar isə seçkilər ərəfəsində veriləcək. Seçki öncəsi situasiya qiymətləndirilərək, detallar nəzərə alınaraq, buna uyğun qərar veriləcək. Hələlik isə AXCP-nin nə iştirak, nə də iştirak etməməklə bağlı qərar yoxdur”.

F. Qəhrəmanlı bütün bunlara baxmayaraq, AXCP-nin seçkiyə hazırlaşdığını da deyib: “Əgər partiyanın seçkidə iştirak qərarı olacaqsa, təbii ki, AXCP seçki kampaniyası aparmağa, ölkədə dəyişikliklər uğrunda mübarizənin məsuliyyətini öz üzərinə götürməyə hazır olmalıdır. Ona görə də AXCP bütün potensial imkanları çərçivəsində demokratik mühitin yaradılması, o cümlədən ölkədə dəyişikliklər uğrunda mübarizənin məsuliyyətini öz üzərinə götürülməsi istiqamətində hazırlığa yönəldib. Zamanı çatanda, aktual olduğu zaman seçkidə iştirak və namizəd məsələsi gündəmə gələcək. AXCP ilk olaraq birlik təşəbbüsü ilə çıxış edib. Bu məsələ artıq müxalifətin və cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən dəstəklənir. Həmin birlik dəstəklənirsə, bunun artıq strukturlaşması məsələsi gündəmdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR