“Azərbaycan son illər Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsüdür”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın nüfuzlu “Commersant” biznes nəşrində dərc olunmuş məqalədə deyilir.
Məqalədə bunun səbəbi kimi Azərbaycanın qonşu ölkə olması və adıçəkilən yanacağın ənənəvi tədarükçüsü olması göstərilir.
“Azərbaycandan idxal olunmuş dizel (Evro-4) 15-18 tetri ucuzdur. Bundan başqa 90-cı illərdən başlayaraq Azərbaycan tərəfdən yanacağın çatdırılmasında heç bir pozulma olmayıb. 2008-ci il avqust müharibəsi dövründə də bir neçə ay ərzində Qara dəniz akvatoriyası praktiki olaraq iflic olduğundan ölkə yanacağı dəniz yolu ilə tədarük edə bilmirdi. O zaman Gürcüstan Azərbaycandan dəmir yolu vasitəsilə tədarükün hesabına yanacaq defisitini aradan qaldıra bildi və ağır dövrdə bir neçə min tonluq həcmdə dizel yanacağı ehtiyatı yarada bildi,” - deyə məqalədə qeyd olunub.
Yazıda Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına istinadla qeyd olunub ki, 2017-ci ildə ölkəyə 563 200 ton dizel yanacağı idxal olunub. Ötən il Gürcüstan ən çox Azərbaycandan (197 600 ton) qeyd olunan yanacaq növünü alıb. Azərbaycanın qonşu ölkənin ümumi dizel yanacağı idxalında payı 35,1% təşkil edib.
Məqalədə, həmçinin Azərbaycandan idxal olunan dizelin yüksək keyfiyyəti də qeyd olunub.