Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Deputat deyib ki. son illər rəqəmsal texnologiyaların sürətli inkişafı həyatımızın bütün sahələrinə nüfuz edib: “Sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq, bilik və təcrübə mübadiləsi aparmaq üçün yeni imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün müəyyən risklər də formalaşdırıb. Məhz buna görə dünyanın müxtəlif ölkələrində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində yeni hüquqi mexanizmlərin tətbiqi gündəmə gəlib. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun da məhz bu məqsədə xidmət edir. Təəssüf ki, bəzi hallarda qanun layihəsinin mahiyyəti düzgün təqdim edilmir, hətta onun sosial şəbəkələrə qadağa qoyduğu və ya uşaqların hüquqlarını məhdudlaşdırdığı barədə yanlış təsəvvür yaradılmağa çalışılır. Halbuki burada əsas məqsəd uşaqların təhlükəsizliyinin təmin olunması, onların fiziki və psixoloji sağlamlığının qorunması və daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasıdır”.

Söhbət qadağadan deyil, uşaqların müdafiəsindən gedir
Elnarə Akimova qeyd eidb ki, qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi sosial şəbəkələrdə yaş yoxlanılması mexanizmlərinin tətbiqidir: “Yeni tənzimləməyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında hesab yaratmasına və qeydiyyatdan keçməsinə yol verilməyəcək. 16-18 yaş arasında olan yeniyetmələr isə bu platformalardan yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında istifadə edə biləcəklər. Burada xüsusi vurğulanmalı məqam odur ki, söhbət uşaqların internetdən istifadəsinin məhdudlaşdırılmasından getmir. Təhsil, elm, araşdırma, məlumat əldə etmə və digər faydalı rəqəmsal resurslardan istifadə imkanları tam şəkildə qorunur. Tənzimləmə yalnız sosial şəbəkələrdə hesab yaradılması və həmin mühitdə fəaliyyət göstərilməsi ilə bağlıdır. Bu gün sosial şəbəkələrdə yayılan məzmunların mühüm hissəsi uşaqların yaş xüsusiyyətlərinə uyğun deyil. Kiberbullinq, şantaj, aqressiv davranışların təşviqi, müxtəlif təhlükəli çağırışlar, psixoloji manipulyasiya, hətta intihara və cinsi istismara sövq edən məzmunlar artıq qlobal problemə çevrilib. Uşaqların bu təsirlərdən qorunması isə həm ailələrin, həm də dövlətlərin üzərinə düşən məsuliyyətdir”.

Uşaqların sağlam inkişafı dövlət siyasətinin prioritetidir
Deputat nəzərə çatdırıb ki, uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi və inkişafı üçün hərtərəfli şəraitin yaradılması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir: “Azərbaycan qanunvericiliyində uşaqların müdafiəsi ilə bağlı müxtəlif sahələrdə yaş məhdudiyyətləri mövcuddur. Məsələn, azyaşlılara siqaret və alkoqollu içkilərin satışı qadağandır, onların pornoqrafik məzmunlara çıxışı məhdudlaşdırılır, müəyyən məhsulların əldə olunmasına yaş tələbləri tətbiq edilir. Bu məhdudiyyətlər uşaqların hüquqlarının pozulması deyil, onların sağlamlığının və təhlükəsizliyinin qorunmasına xidmət edir. Sosial şəbəkələrlə bağlı tətbiq edilən yanaşma da eyni mahiyyət daşıyır. 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun da məhz uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edirdi. Hazırda qəbul edilən dəyişikliklər həmin siyasətin davamı kimi qiymətləndirilməlidir. Məsələ təkcə fərdi deyil, eyni zamanda ailə, cəmiyyət və dövlət üçün strateji əhəmiyyət daşıyır. Uşaqların və gənclərin milli, mənəvi, mədəni dəyərlər əsasında formalaşması, sağlam və bilikli vətəndaş kimi yetişməsi Azərbaycanın gələcəyi üçün xüsusi önəm kəsb edir”.

Qlobal tendensiyalar
Elnarə Akimova diqqətə çatdırıb ki, sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı narahatlıqlar təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində müşahidə olunur: “Son illər texnologiya şirkətlərinin fəaliyyətinin milli qanunvericilik çərçivəsində tənzimlənməsi istiqamətində mühüm addımlar atılır. Artıq dünyanın müxtəlif bölgələrində sosial şəbəkə platformalarının yalnız öz daxili qaydaları ilə deyil, dövlətlərin qanunvericiliyi ilə də tənzimlənməsi istiqamətində ciddi təşəbbüslər irəli sürülür. İstifadəçilərin hüquqlarının, şəxsi məlumatlarının və təhlükəsizliyinin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. Avstraliya bu istiqamətdə ilk ciddi addımlardan birini atan ölkələrdən olub. Sonradan Fransa, İspaniya, Norveç, Almaniya, Kanada, Yeni Zelandiya, Malayziya, Hindistan, Türkiyə və bir sıra digər dövlətlər də oxşar təşəbbüslərlə çıxış etməyə başlayıblar. Qonşu Qazaxıstan və Özbəkistanda da sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsləri müzakirə olunur. Fransa artıq Avropada bu istiqamətdə konkret addımlar atan ölkələrdən biridir. Norveç hökuməti isə sosial media platformalarında yaş həddinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlayır. Bu faktlar bir daha göstərir ki, Azərbaycanın qəbul etdiyi yanaşma beynəlxalq təcrübəyə əsaslanır və qlobal tendensiyalarla tam uzlaşır”.
Dünya liderləri təhlükənin miqyasını açıq etiraf edirlər
Deputat bildirib ki, sosial şəbəkələrin uşaqların inkişafına təsiri ilə bağlı narahatlıqlar artıq dünya liderlərinin çıxışlarında da öz əksini tapır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müasir dövrdə bir çox uşaqlar valideynləri ilə keçirdikləri vaxtdan daha çox vaxtı rəqəmsal dünyada keçirirlər. Onun sözlərinə görə, rəqəmsal dostlar, rəqəmsal müəllimlər və hətta rəqəmsal valideynlər uşaqların xarakterinin formalaşmasına getdikcə daha çox təsir göstərirlər. Türkiyə Prezidenti xüsusilə alqoritmlərin manipulyativ gücünün yaratdığı təhlükələrə diqqət çəkib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə qeyd edib ki, əsas məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil, sosial medianın gənclərə çıxış imkanlarının hansı səviyyədə olmasındadır. Norveçin Baş naziri Yonas Qar Störe vurğulayıb ki, uşaqların uşaqlığını qorumaq dövlətlərin vəzifəsidir və oyun, dostluq münasibətləri, gündəlik həyat alqoritmlər tərəfindən idarə edilməməlidir. İspaniyanın Baş naziri Pedro Sançes isə texnologiya şirkətlərinin mənfəətinin milyonlarla insanın hüquqları hesabına təmin edilməsinin yolverilməz olduğunu bəyan edib.Bu fikirlər göstərir ki, sosial şəbəkələrin uşaqlara təsiri artıq qlobal təhlükəsizlik və sosial inkişaf məsələsi kimi qiymətləndirilir”.

Texnoloji inkişaf insan amilini kölgədə qoymamalıdır
Elnarə Akimova Azərbaycanın rəqəmsal transformasiya istiqamətində mühüm nailiyyətlər əldə edən ölkələrdən olduğunu vurğulayıb: “Lakin texnoloji inkişaf insan amilini, xüsusilə uşaqların maraqlarını kölgədə qoymamalıdır. Bu gün uşaqların saatlarla ekran qarşısında hərəkətsiz qalması, sosial təcrid, rəqəmsal asılılıq, emosional gərginlik və psixoloji problemlər dünyanın aparıcı mütəxəssisləri tərəfindən ciddi çağırış kimi qiymətləndirilir. Xüsusilə yeniyetmə yaşlarında şəxsiyyətin formalaşması prosesi davam etdiyindən bu dövrdə mənfi təsirlərə məruz qalmaq daha ağır nəticələrə səbəb ola bilər. Sosial şəbəkələrdə yayılan zorakılıq elementləri, qeyri-sağlam həyat tərzinin təbliği, süni ideal obrazlar və manipulyativ məzmunlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Buna görə də dövlətin preventiv tədbirlər görməsi zəruri və əsaslandırılmış addımdır”.
Ailə, məktəb və dövlət birgə məsuliyyət daşıyır
Deputat qeyd edib ki, qanunvericilik dəyişiklikləri vacib olsa da, problemin həlli yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır: “Uşaqların rəqəmsal təhlükələrdən qorunması ailə, məktəb və dövlət institutlarının birgə fəaliyyətini tələb edir. Valideynlər uşaqların internetdə keçirdiyi vaxta və istifadə etdikləri platformalara diqqət yetirməli, təhsil müəssisələrində media savadlılığı və rəqəmsal təhlükəsizlik mövzularına daha geniş yer verilməlidir. Dövlət isə həm maarifləndirmə tədbirlərini gücləndirməli, həm də müasir texniki həllərin tətbiqini təmin etməlidir. Qanunun 12 ay sonra qüvvəyə minməsi də təsadüfi deyil. Bu müddət ərzində yaş yoxlanılması mexanizmlərinin hazırlanması, sosial şəbəkə platformalarının müəyyənləşdirilməsi, texniki həllərin seçilməsi və geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Qəbul edilən dəyişikliklər uşaqların hüquqlarının məhdudlaşdırılmasına deyil, onların müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu təşəbbüsün mərkəzində uşağın maraqları, sağlam inkişafı və təhlükəsiz gələcəyi dayanır. Bu gün uşaqların zərərli təsirlərdən qorunması istiqamətində atılan addımlar sabah daha sağlam, daha savadlı, milli-mənəvi dəyərlərə bağlı nəslin formalaşmasına xidmət edəcək. Məsələyə bu prizmadan yanaşdıqda aydın görünür ki, söhbət qadağadan deyil, uşaqların təhlükəsizliyi naminə həyata keçirilən məsuliyyətli dövlət siyasətindən gedir. Azərbaycanın seçdiyi yanaşma beynəlxalq təcrübəyə, milli qanunvericiliyə və cəmiyyətimizin maraqlarına əsaslanır. Uşaqların fiziki, psixoloji və mənəvi sağlamlığının qorunması isə hər zaman dövlətin, ailənin və cəmiyyətin ortaq məsuliyyəti olaraq qalacaq”.