Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - FOTOSESSİYA - VİDEO

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2013 14:44 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iclasda giriş sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev Azərbaycanın gömrük xidmətində həyata keçirilən irimiqyaslı tədbirlər və islahatlar, gömrük xidmətinin ölkə iqtisadiyyatında oynadığı rol barədə məlumat verib.

Mərasimdə hesabat məruzəsi ilə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, 2012-ci il üzrə Komitə üçün müəyyən edilmiş 1 mlrd. 200 mln. manat büdcə proqnozuna qarşı 1 mlrd. 208,35 mln. manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi uğurla təmin olunub, nəticə etibarilə proqnoza 100,7% əməl edilib.

Ötən il ərzində 14 606 hüquqpozma faktı aşkar edilib ki, bunlardan 272-si cinayət xarakterli faktlar olub, həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 855 085 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfər barəsində müvafiq tədbirlər görülüb.

2012-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 136 kq 876 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, şübhəli bilinən şəxslərdən 110 nəfər barəsində müvafiq tədbirlər görülüb. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilib.

Ötən il aşkar olunmuş 14 334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi şəxs və 13 945 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 172 525 manat cərimə tətbiq olunmaqla, dəyəri 182 352 manat olan mallar müsadirə edilib.

İclasda qeyd edilib ki, gömrük-biznes əməkdaşlığı çərçivəsində vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçılarının (XİF) həyata keçirdikləri ayrı-ayrı gömrük əməliyyatlarının gömrük orqanlarına bilavasitə gəlmədən və 24/7 saat rejimində həyata keçirilməsini təmin etmək üçün Komitənin rəsmi internet saytında “XİF iştirakçısının şəxsi kabineti” bölməsi yaradılıb. Hazırda bu bölmə vasitəsilə bir sıra əməliyyatların aparılması - gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında XİF iştirakçısına lazım olan informasiyaların əldə olunması, gömrük rəsmiləşdirilməsi ilə bağlı müraciətin elektron qaydada təqdim olunması, müxtəlif vətəndaş sorğuları, ərizə və şikayətlərin qəbulu, mal və nəqliyyat vasitələrinin ilkin bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət olunması mümkündür. Bundan başqa, bütün sərhəd-gömrük orqanlarında “məlumat köşkləri” quraşdırılıb. Burada fiziki şəxslər köşklərdən istifadə etməklə gətirdikləri (apardıqları) əşya və valyutaları gömrük orqanında bəyan edə bilirlər. Həmin şəxslər köşklərdən gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında lazımi məlumatlar da əldə edə bilərlər.

İclasda DGK-nın müvafiq strukturlarının rəhbərləri çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər. Komitənin 2013-cü il üçün iş planı, eləcə də DGK “Azərterminalkompleks” Birliyinin Əsasnaməsi təsdiq edilib.

Bundan başqa, mərasimdə DGK-nın bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları, eləcə də DGK sədrinin müvafiq əmrinə əsasən fəxri fərmanlar, xüsusi rütbələr verilib.

Mərasimə yekun vuran DGK sədri Aydın Əliyev qeyd edib ki, ötən dövr ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə yanaşı, gömrük xidmətinin ən müasir tələblər səviyyəsinə qaldırılması üçün hələ xeyli iş görülməlidir: “Ölkənin dünya iqtisadiyyatına inteqrasiyası yolunda gömrük orqanları qarşısında duran vəzifələr bir daha dəqiqləşdirilməli, gömrük nəzarətinin, gömrük sahəsindəki hüquqpozmalara qarşı mübarizənin təşkilində, maliyyə-tarif sisteminin və gömrük statistikasının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun müasirləşdirilməsi, mövcud normativ-hüquqi bazanın yeni Gömrük Məcəlləsinə uyğunlaşdırılması və digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün cari ildə daha ciddi, daha səmərəli tədbirlər hazırlanıb həyata keçirilməsi təmin edilməlidir”.

İclasda yığıncaq iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR