Ötən il İranda 580 nəfər edam edilib

Ötən il İranda 580 nəfər edam edilib
# 08 aprel 2013 11:33 (UTC +04:00)

APA-nın Almaniyanın “Deutsche Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, İranın 15 həbsxanasında edamlar qabaqcadan elan olunmadan, gizli şəkildə icra edilib: “Ancaq 2012-ci ildə gizli edamların sayının çox olduğu ehtimal edilir”.

Xəbərdə deyilir ki, ötən 15 il ərzində ən çox edam 2012-ci ildə həyata keçirilib: “Ən azı 580 nəfər edam edilib. Onların 76%-i narkotik maddələrin qaçaqmalçılığına görə dar ağacından asılıb. Bunlardan 294 nəfəri rəsmi, qalan edamlar isə qeyri-rəsmi mənbələr tərəfindən təsdiqlənib. 325 gizli edamdan 95-i Xorasan-Rəzəvi vilayətində həyata keçirilib. Bunlardan 85-i Məşhəd şəhərinin Vəkilabad, 10-u isə Taybad şəhərinin həbsxanasında icra edilib. 580 nəfərdən 60%-i əhalinin gözü qarşısında edam olunub. Onlardan 1/3-i narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dar ağacından asılıblar”.

Məlumatda həmçinin vurğulanır ki, 2009-cu ildən bəri İranda edamların sayı 6 dəfə artıb. İranda 2012-ci ildə ən azı 9 qadın, 27 Əfqanıstan, 1 Pakistan vətəndaşı edam edilib. 2012-ci ildə 4 ərəb fəalı edam edilib, 5 ərəb fəalına isə edam cəzası verilib: “Edamlar əsasən narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, Allaha qarşı müharibə aparmaq və silahlı soyğun kimi ittihamlarla icra edilib. İranda 2012-ci ildə 1 nəfəri Səbzəvar şəhər stadionunda edam ediblər, iki nəfərin də Şiraz şəhərində ictimaiyyət qarşısında barmaqlarını kəsiblər. Ümumiyyətlə, edam edilənlərin əksəriyyəti aşağı təbəqəyə məxsusdur”.

Xəbərdə qeyd olunur ki, İranda narkotik maddələrin qaçaqmalçılığına görə edamlar birinci yerdədir: “İranda həyata keçirilən edamların rəsmi sayına görə Tehran, Kərəc və Fars vilayəti ilk üçlükdədir. Ancaq qeyri-rəsmi məlumatlara görə, Tehran, Kərəc, Vəkilabad və Urmiya həbsxanaları ilk dördlükdə yer alır. Yəzd və Sistan və Bəlucistan vilayətlərində həyata keçirilən edamların yarısından çoxu, həmçinin Gilan vilayətində icra edilən gizli edamların hamısı haqda məlumat verilməyib”.

Məlumatda bildirilir ki, hazırda 3000 nəfər Vəkilabad həbsxanasında edam olunacağı günü gözləyir: “İndi 20 min nəfər həmin həbsxanada saxlanılır. 2011-ci ildə Vəkilabad həbsxanasında 13 min məhbus var idi. Ancaq zindan cəmi 3000 nəfər məhbus tutumuna malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR