Azərbaycanın hüquq müdafiəçisi Almaniya səfirliyindən Angela Merkelə şikayət edib

Azərbaycanın hüquq müdafiəçisi Almaniya səfirliyindən Angela Merkelə şikayət edib
# 11 fevral 2013 12:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “İnsan haqları uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev Almaniyanın federal kansleri Angela Merkelə məktub yazıb. Bu barədə APA-ya E. Fətullayevin özü məlumat verib. Məktubda bildirilir ki, tərkibinə analitiklər, hüquq müdafiəçiləri, ekspert və jurnalistlərin daxil olduğu beynəlxalq tədqiqat qrupu Almaniyada insan haqları və demokratiya, multikulturalizm siyasəti sahəsindəki real vəziyyətlə tanış olmaq üçün “İnsan haqları uğrunda” İctimai Birliyinin təşəbbüsü ilə Almaniyanın müxtəlif şəhərlərində ezamiyyətdə olublar: “Qrup üzvləri Almaniyada multikulturalizmin böhranının və etnik-dini dözümlülüyün azalmasının (neonasist ovqatın yüksəlməsi fonunda) təxminən iki həftə davam edən monitorinqi zamanı böyük həcmdə tədqiqat işi aparıb. Biz ezamiyyət zamanı rəsmi şəxslərlə görüşlər keçirmişik. Bizim bir neçə aylıq tədqiqatlarımızın nəticələri öz əksini “Avropanın qürubu və ya liberal dəyərlərin böhranı” adlı analitik məruzədə tapıb (www.thedecline.info). Bu məruzənin təqdimat mərasimi 2013-cü il yanvarın 21-də Brüsseldəki Avropa Mətbuat Evində keçirilib. Lakin məni çox təəssüfləndirən və məyus edən məsələ budur ki, mən Almaniyanın Azərbaycandakı səfirliyinin ciddi müqaviməti ilə üzləşdim. Səfirlik mənə məlum olmayan səbəblərdən bizim Brüsseldə təqdimat mərasimi keçirməyimizə hər vasitə ilə mane olmağa, onun baş tutmamasına çalışırdı. Təqdimat mərasiminin keçirilməsinə hələ üç həftə qalanda Almaniya səfirliyinin əməkdaşı Frederik Hanke məni səfirliyə dəvət edərək tədbirə dəvət olunacaq iştirakçıların və məruzəçilərin siyahısını, habelə tədbirin gündəliyini səfirliyə verməyimi xahiş etmişdi. O, həmçinin məni Almaniyada insan haqlarının pozulmasını tənqid edən bu məruzənin təqdimat mərasimini keçirmək ideyasından daşınmağın vacibliyinə inandırmağa çalışırdı. Almaniya kimi kifayət qədər demokratik və inkişaf etmiş bir ölkənin diplomatik nümayəndələrinin bütün bu hərəkətləri Sizin hökumətin, o cümlədən federal hökumətin başçısı kimi Sizin özünüzün tez-tez bəyan etdiyiniz prinsip və dəyərlərlə daban-dabana ziddir. Bundan əlavə, ifadə azadlığının məhdudlaşdırılmasına və tənqidçi səslərlə mübarizə aparmağa yönələn analoji qabaqlayıcı tədbirlər yeni demokratiya ölkələrinin yararlana biləcəyi təhlükəli presedent və pis nümunə yaradır. Mən səmimi şəkildə ümid edirəm ki, Almaniyanın federal hökuməti yuxarıda göstərilən faktlarla bağlı müvafiq tədbirlər görəcək. Fürsətdən istifadə edərək bu ümidimi də səmimi şəkildə ifadə edim ki, Sizin ölkənizdəki vəziyyəti tənqid etməyim mənim Almaniya ilə bağlı gələcək fəaliyyətimə və ölkənizə səfərlərimə mane olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR