Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rüblük gəlirləri 14% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rüblük gəlirləri 14% artıb
# 19 aprel 2013 07:36 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 685,1 mln. manat təşkil edib ki, bu da rüblük proqnozdan 7,2% çoxdur. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 5% artıq olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9% artaraq 339,3 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,3%-i və ya 221,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 21,4%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20% yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 44,3%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85% artıb.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 127,9 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artıb.

DSMF-dən bildirilib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Təhlil olunan dövr ərzində Fondun xərcləri 614,9 mln. manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 605,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 0,8% artaraq 592,2 mln. manat təşkil edib.

Həmçinin, I rübdə əhaliyə 13,3 mln. manat məbləğində müavinət ödənilib.

Fondun digər xərcləri 9,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 6,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR