Banyalukada Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçirilib - FOTO

Banyalukada Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 20 fevral 2013 13:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olub.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfərin ilk günü Bosniya və Herseqovinanın Serb Respublikasının prezidenti Milorad Dodik Azərbaycan nümayəndə heyətini qəbul edib. İqtisadi əlaqələrin mövcud vəziyyətinin, əməkdaşlığın inkişafı perspektivlərinin müzakirə edildiyi görüşdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər zamanı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Bosniya və Herseqovinanın Serb Respublikasının İqtisadi İşlər və Regional Əməkdaşlıq Nazirliyinin təşkilatçılığı ilə Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı sənaye, kənd təsərrüfatı, qida, bankçılıq, tikinti, neft, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Serb Respublikasının baş naziri Aleksandar Combiç biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığını, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Öz növbəsində Ş.Mustafayev ölkədə Bosniya və Herseqovina, o cümlədən Serb Respublikası ilə əməkdaşlığın inkişafına önəm verildiyini diqqətə çatdırıb, son zamanlar əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələr yüksək səviyyədədir, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Əməkdaşlığın inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir.

Ş.Mustafayev çıxışında həmçinin əlavə edib ki, Bakı və Sarayevo 1972-ci ildən qardaşlaşmış şəhərlərdir, Bakıda Sarayevo küçəsi mövcuddur, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası fəaliyyət göstərir, ötən il Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılıb.

İqtisadi və ticarət əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıq imkanlarının yaranması baxımından biznes forum, təqdimat, sərgi və digər tədbirlərin əhəmiyyətini qeyd edən nazir Ş.Mustafayev 2012-ci ilin oktyabr ayında Bakıda Azərbaycan–Bosniya və Herseqovina biznes forumunun keçirildiyini, tədbirdən qısa müddət ötməsinə baxmayaraq növbəti biznes forumun Banyaluka şəhərində təşkil olunduğunu diqqətə çatdırıb.

Biznes forumda nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib və bildirib ki, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısıdır.

Ş.Mustafayev həmçinin, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan və Serb Respublikasının iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinanın Serb Respublikasının baş nazir Aleksandar Combiç, iqtisadi işlər və regional əməkdaşlıq naziri Jelka Tsviyanoviç ilə görüşüb. Görüşlərdə Azərbaycan–Bosniya və Herseqovina, o cümlədən Serb Respublikası ilə iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü Azərbaycan nümayəndə heyəti Sarayevo şəhərində yerləşən «Dostluq parkında» olub, Xocalı faciəsinin qurbanlarına ucaldılmış abidənin önünə əkil qoyub. Azərbaycan nümayəndə heyəti Sarayevoda Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzdə olub.

Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə keçirilmiş görüşündə iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə Ş.Mustafayev Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb, XX əsrin ən böyük faciələrindən biri – Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç də qəbul edib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlıq imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti ilə Bosniya və Herseqovinanın Parlament Assambleyasının sədr müavini Deniz Beçiroviç arasında keçirilmiş görüşdə isə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR