Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
# 02 may 2013 14:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Respublika Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində baş prokuror Zakir Qaralov, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak ediblər.

Mərasimdə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən danışaraq, ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinə, eləcə də hərbi prokurorluğa daim diqqət və qayğı göstərildiyini qeyd edib, bu günün Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları üçün əlamətdar günlərdən biri olduğunu vurğulayıb.

Xanlar Vəliyev bildirib ki, doqquzmərtəbəli inzibati binanın ümumi sahəsi 3303 kvadratmetr olmaqla, ən müasir standartlara uyğun tikilib, bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz olunub, mebel və inventarlarla təmin edilib. Binada 62 xidməti otaq, növbətçi hissə, vətəndaşların qəbulu otağı, kitabxana, iclas və kollegiya zalları, kriminalistik laboratoriya, yeməkxana, idman zalı, digər xidməti otaqlar var.

Baş prokuror Zakir Qaralov prokurorluq əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. O, qeyd edib ki, Respublika Hərbi Prokurorluğu üçün yeni inzibati binanın tikilməsi və müasir texniki avadanlıqla təmin edilməklə istifadəyə verilməsi prokurorluq orqanlarına göstərilən dövlət qayğısının bariz nümunəsidir. O, hərbi prokurorluq əməkdaşlarının bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab vermələrinin, qanunvericiliklə üzərilərinə qoyulmuş məsul vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR