Latviyada “Ermənilərin Qafqaza köçürülməsinin xronikası” filminin təqdimatı keçirilib

Latviyada “Ermənilərin Qafqaza köçürülməsinin xronikası” filminin təqdimatı keçirilib
# 14 avqust 2015 08:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Latviyadakı səfirliyində “Ermənilərin Qafqaza köçürülməsinin xronikası” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi əsasında İctimaiyyətlə Əlaqələrin İnkişafına Yardım Fondu tərəfindən çəkilib.

Filmin müəllifi, Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənova tədbirdə çıxış edərək filmin əsasını təşkil edən tarixi hadisələrin icmalını verib. O qeyd edib ki, Qərb elmi-siyasi dairələrində hələ də ermənilərin Qafqazın yerli əhalisi olması ilə bağlı saxtalaşdırılmış versiya ağırlıq təşkil edir. Bu isə ermənilərin Qafqaza gəlmə millət olduğuna dair təkzibedilməz faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını zəruri edir. Bu məqsədlə çəkilmiş filmdə ermənilərin Balkan yarımadasından, konkret olaraq Fessaliya və Frakiyadan Kiçik Asiyaya, Frikiyaya, daha sonra Fərat çayı və Van gölü ətrafına köçürülməsi faktları xronoloji ardıcıllıqla verilib. Antik müəlliflərin və XX əsrin ilk yarısında ermənişünasların istinad etdiyi mənbələr göstərir ki, müasir Türkiyənin ərazisi ermənilərin ilk vətəni olmayıb. Bu faktları arxeoloji və antropoloji materiallar da təsdiq edir.

33 dəqiqəlik filmin ana xəttini ermənilərin Türkmənçay müqaviləsi imzalanana kimi mərhələli şəkildə Qafqaz regionunda yerləşdirilməsi prosesi təşkil edir. Burada XX əsrin əvvəllərində Qafqaz regionunda Ermənistan adlı dövlətin peyda olmasına təsir edən həlledici tarixi hadisələrə də yer verilib.

Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və İrəvanda azərbaycanlı saray elitasının eksklüziv fotoları əsasında hazırlanıb. Təqdim olunan faktlar yalnız erməni və Qərb müəlliflərinin sitatları ilə müşayiət olunur. Filmin elmi məsləhətçisi tarix elmləri doktoru Həcər Verdiyevadır.

Tədbirin sonunda Şəlalə Həsənova filmin diplomatik korpus üçün nümayişinə verdiyi dəstəyə görə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalova təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR