Xədicə İsmayılovanın məhkəməsi şahid ifadələri ilə davam etdirilib - YENİLƏNİB

Xədicə İsmayılovanın məhkəməsi şahid ifadələri ilə davam etdirilib - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2015 16:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə

Xədicə İsmayılova Bakı şəhər Prokurorluğu tərəfindən onunla bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) ünvanlanan məktubun surətinin ona verilməsi ilə bağlı vəsatət qaldırıb.

X. İsmayılova eyni zamanda ona cinayət işi materialları ilə tanışlıq üçün vaxt məhdudiyyəti qoyulduğunu, sənədlərin hamısının ona verilmədiyini deyib.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra vəsatətin təmin olunmadığı açıqlanıb. Hakim bildirib ki, X. İsmayılovaya hər hansı vaxt məhdudiyyəti qoyulmayıb, bütün sənədlərlə tanış olmaq imkanı yaradılıb.

Proses şahidlərin ifadəsi ilə davam etdirilib.

Cinayət işində zərərçəkən kimi tanınan Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova ifadə verib. F. Rəsulova deyib ki, keçmiş kürəkəni ilə qızı arasında problem olmayıb, Tural Bakıya gələndən sonra dəyişib və qızını ondan boşanmağa məcbur edib: “Biz bilirdik onun həyatında Rövşanə adlı qadın var”.

Onun ibtidai istintaqa verdiyi ifadə ilə indi verdiyi ifadə arasında ziddiyyət olduğu bildirilib və ilkin ifadəsi açıqlanıb.

Həmin ifadədə F. Rəsulova Turalın həyatında Xədicə İsmayılova adlı qadının olduğunu açıqlayıb. Prokuror ona ibtidai istintaqa ifadəsində “Tural “Azadlıq” radiosunda işləməyə başlayandan sonra ailəsinə qarşı münasibəti dəyişib” dediyini xatırladıb.

F. Rəsulova həmin ifadəni təsdiqlədiyini deyib.

Daha sonra Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimovanın anası Zemfira Əliyeva ifadəsində Tural Mustafayevin içkiyə qurşandığını, qızını bir neçə dəfə ölümlə hədələdiyini deyib.

“Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova ifadəsində radioda müqavilə əsasında çalışdığını, bununla bağlı radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyevlə müqavilə bağladığını bildirib. Prokuror isə ona ibtidai istintaqa ifadəsində bu müqaviləni X. İsmayılova ilə bağladığını dediyini xatırladıb.

Jurnalist Fərəh Əliyeva da ifadəsində “Azadlıq” radiosunda jurnalist-prodüser kimi çalışdığını, bunun üçün “İnternyus” təşkilatı ilə müqavilə bağladığını deyib.

Daha sonra prosesdə Tural Mustafayevin dostu, “Meydan” TV-nin əməkdaşı Cavid Abdullayev ifadə verib.

C. Abdullayev X. İsmayılovanın vəkili Cavad Cavadlının suallarına cavab olaraq deyib ki, çox güman ki, Tural nişanlısı Rövşanə ilə dalaşdıqları üçün intihara cəhd edib.

Bundan sonra ibtidai istintaqa verdiyi ifadə elan olunub və indiki ifadə ilə ziddiyyət təşkil etdiyi açıqlanıb. Bildirilib ki, C. Abdullayev ibtidai istintaqda Turalın ona Xədicəyə görə intihara cəhd etdiyini, ona görə içkiyə qurşandığını dediyini açıqlayıb: “Mənə deyirdi ki, Xədicə onu hörmətdən salmaq üçün adamlar arasında şayiələr yayıb”.

C. Abdullayev suallara cavab olaraq ibtidai istintaqda təzyiqə məruz qalmadığını da deyib və eyni zamanda ibtidai istintaqa verdiyi ifadəni təsdiq etmədiyini bildirib.

Proses sabah davam etdiriləcək.

***

11:30

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovanın vəkillərinin iclasa qatılmadıqları bildirilib.

X. İsmayılova onların üzrlü səbəbdən prosesə qatılmadıqlarını bildirsə də, hakim bu barədə məhkəməyə hər hansı müraciət edilmədiyini deyib.

Vəkillərin səbəb göstərilmədən prosesə qatılmadıqları elan olunub və bununla bağlı Vəkillər Kollegiyasına müraciət olunması qərara alınıb.

Prosesdə qeyri-müəyyən vaxta qədər fasilə elan edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “AzadlıqRadiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “AzadlıqRadiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR