Azərbaycanda investisiya şirkətləri üçün aktivlərinin 8 faizi həddində kredit riski üzrə kapital tələbi müəyyənləşdirilib

Azərbaycanda investisiya şirkətləri üçün aktivlərinin 8 faizi həddində kredit riski üzrə kapital tələbi müəyyənləşdirilib
# 07 noyabr 2015 15:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar”ı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qayda investisiya şirkətinin kapital adekvatlığına, habelə maliyyə risklərinin idarə edilməsinə dair tələbləri müəyyən edir.

İnvestisiya şirkəti fəaliyyəti ərzində bu Qaydalara uyğun olaraq hesablanmış Cəmi Kapital Tələbinə, həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş minimum nizamnamə kapitalına bərabər və ya ondan daha yüksək məcmu kapitala malik olmalıdır. İnvestisiya şirkətinin Cəmi Kapital Tələbi onun ticarət kitabının həcmindən asılı olaraq müəyyən edilir. Son 250 gün ərzində ticarət kitabındakı əməliyyatların gündəlik orta həcmi 15 milyon manatdan artıq olduqda və ya azı 4 gün 20 milyon manatdan artıq əməliyyat həyata keçirdikdə investisiya şirkətinin ticarət kitabı əhəmiyyətli hesab edilir. Ticarət kitabı əhəmiyyətli hesab edilən investisiya şirkətlərinin Cəmi Kapital tələbi onun Kredit riskləri, Bazar Riskləri, Əməliyyat riskləri, Hesablaşma və kontragent riskləri və Konsentrasiya risklərinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir. Ticarət kitabı əhəmiyyətli hesab edilməyən investisiya şirkətlərinin Cəmi Kapital tələbi onun Kredit riskləri, Bazar Riskləri, Əməliyyat riskləri və Konsentrasiya riskinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.

Ticarət kitabındakı mövqelər borc alətləri bazar qiyməti, səhmlər bazar qiymətləri və törəmə maliyyə alətləri bağlı olduqları baza aktivlərinin bazar qiymətləri ilə qiymətləndirilir. İnvestisiya şirkətinin gündəlik olaraq ticarət kitabında əks olunan mövqeləri bazar qiymətləri ilə qiymətləndirilməlidir. Bu qaydaların şərtlərinə uyğun olaraq, investisiya şirkətinin məcmu kapitalı dərəcəli kapital (əsas məcmu kapital) və II dərəcəli kapitala(əlavə məcmu kapital) bölünür. II dərəcəli kapital I dərəcəli kapitaldan çox ola bilməz. II dərəcəli kapitalın tərkibində olan subordinasiya borc öhdəliklərinin həcmi I dərəcəli kapitalın 50%-dən çox ola bilməz. İnvestisiya şirkətinin I dərəcəli kapitalı (nəzərdə tutulmuş vergi öhdəlikləri çıxıldıqdan sonra) dövriyyəyə buraxılmış tam ödənilmiş adi səhmlər, kapital artıqlığı), kapital ehtiyatları (əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar) cəminə bərabərdir. I dərəcəli kapitala daxil edilmiş adi səhmlər investisiya şirkəti tərəfindən emissiya edilib və tam ödənilmiş olmalı, investisiya şirkəti tərəfindən birbaşa və ya dolayı yolla maliyyələşdirilməməlidir. Adi səhmlər üzrə dividentlərin ödənilməsi ilə bağlı qərarlar investisiya şirkətinin idarəetmə orqanının səlahiyyətində qalmalı, qeyri-kumulyativ olmaqla və yetəri qədər vəsait olduqda ödənilməlidir. Adi səhmlər üzrə ödəniləcək dividentlərin məbləği heç bir halda əvvəlcədən dəqiq müəyyən edilə bilməz. Dividentlərin adi səhmlər formasında ödənilməsinə yol verilmir.

İnvestisiya şirkətinin II dərəcəli kapitalı cari maliyyə ilinin mənfəəti, ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri, risklərin qarşısını ala bilmək məqsədi ilə məhdudiyyətsiz və istifadəyə yararlı aşağıdakı yenidən qiymətləndirmə ehtiyatları, ədalətli dəyərlə qiymətləndirilmiş səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 80%-i, ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 80%-i, ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 80%-i və xüsusi ehtiyatların cəminə bərabərdir. II dərəcəli kapitalda olan subordinasiya borc öhdəliyinin həcmi ödəniş müddətinin başa çatmasına qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün hər il 20 faiz azaldılır. İnvestisiya şirkəti birbaşa və ya dolayı yolla özünə subordinasiya krediti verə bilməz.

Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydalara uyğun olaraq kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir. Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan ölkələrə qarşı risk çəkisi 100% olaraq müəyyən edilir. Azərbaycan Respublikasının hökumətinə və Mərkəzi Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir. Beynəlxalq təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələrinə qarşı risklər 20%, borcalanın digər dövlətlərin kredit reytinqi mövcud olmadıqda, risk çəkisi 100%, korporativlər üzrə risk çəkisi 100%, maliyyə institutları tərəfindən emissiya edilən səhmlərə və ya digər tənzimləyici kapital alətlərinə edilən investisiyalar şirkətin məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100% olaraq müəyyən edilir. Pərakəndə risklər üzrə risk çəkisi risk bir və ya bir neçə fiziki və ya hüquqi şəxsə aid olduqda, investisiya şirkətinin cəmi riskli məbləği 1 milyon manatdan çox olmadıqda və qiymətli kağızlara investisiya olunmadıqda 75% olaraq müəyyən edilir. Təxirə salınmış aktivlərə, yüksək riskli sayılan aktivlərə, o cümlədən, yeni yaranmış və üç ildən az fəaliyyət göstərən yüksək riskli şirkətlərə və özəl sərmayə şirkətlərinə edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq müəyyən edilir. Daşınmaz əmlak və avadanlıqlar və verilmiş avanslar və qazanılmamış gəlir üzrə risk çəkisi 100%, debitor borcları üzrə risk çəkisi 20%, kassada olan pul vəsaitləri və onun ekvivalentləri üzrə risk çəkisi 0% və qızıl ehtiyatları üzrə risk çəkisi 0% olaraq müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR