“AmCham” üzvləri rabitə və informasiya texnologiyaları nazirinin müavini ilə görüşüblər

“AmCham” üzvləri rabitə və informasiya texnologiyaları nazirinin müavini ilə görüşüblər
# 31 oktyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində görülən işlər, dövlət siyasəti və bu sahədə gözlənilən yeniliklər, eləcə də özəl sektorun bu prosesdə iştirakı bu gün Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) üzvlərinin Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə görüşündə müzakirə edilib.

«APA-Economics»in məlumatına görə, işgüzar nahar formatında keçirilən görüş Bakıda İKT həftəsi çərçivəsində BakuTel İnternet İdarəçilik Forumu və ABŞ-Azərbaycan İKT forumundan bir həftə əvvələ təsadüf edib.

«AmCham»ın üzv şirkətləri və əməkdaşlarının qatıldığı görüşdə çıxış edən E.Vəlizadə ölkədə İKT sahəsində dövlət siyasəti, onun əsas istiqamətləri, elektron hökumət, dövlət sektorunda elektron xidmətlərin tətbiqi, eləcə də özəl şirkətlərin bu prosesdə iştirakı və onlara yaradılan şərait barədə məlumat verib, bu sahə ilə bağlı şirkətlərin suallarını cavablandırıb.

Qeyd edək ki, «AmCham» Azərbaycanda biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan “AmCham” Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir. Təşkilat Azərbaycanda bütün xarici investisiyaların 80%-ni və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR