Müəllif Hüquqları Agentliyi 10-a yaxın nəşrin plagiat olduğunu müəyyən edib

Müəllif Hüquqları Agentliyi 10-a yaxın nəşrin plagiat olduğunu müəyyən edib
# 12 iyul 2012 15:55 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.

Onun sözlərinə görə, MHA-ya müəllif hüquq pozuntuları ilə bağlı daxil olan hər 10 müraciətdən 2-si plagiatla əlaqədardır. Onların arasında elmi əsərlər, dərsliklər, ayrı-ayrı nəşrlər var: “Bununla əlaqədar Agentlik araşdırmalar aparır. Əgər plagiat faktı dərsliklə bağlıdırsa, bu barədə Təhsil Nazirliyinə, elmi əsərdisə, Azərbaycan Milli Elmlər Akademiyasına müraciətlər ünvanlanır. Tərcümə əsəridisə, bu əsəri tərcümə edən nəşriyyata, yaxud həmin tərcüməçinin işlədiyi müəssisəyə müraciət olunur”.

X. Həsənli deyib ki, plagiata qarşı görülən tədbirlər MHA-nı qane etmir: “Agentlik bu faktları araşdırır, təsdiq edir ki, bu əsərlər plagiatdır. Lakin ona qarşı görülən tədbirlər bizi narahat edir. Elə hallar olub ki, Moskvada nəşr olunmuş bir əsər nöqtə, vergülünə toxunmadan tərcümə olunub, amma azərbaycanlı müəllif bunu öz adı ilə çap etdirib. Söhbət ali məktəblər üçün pedaqogikaya aid dərslikdən gedir.

Bu yaxınlarda məşhur aktyor Stanislavskinin seçilmiş əsərləri Azərbaycan dilinə tərcümə edilmişdi. Məlum oldu ki, bu əsəri bir müəllif Azərbaycan dilinə tərcümə edib, amma o müəllifin tərcümələrinin bir hissəsi başqasının adı ilə çap olunub. Başqa bir fakt da olmuşdu ki, frazeoloji lüğətin müəlliflərindən biri həyatdan köçüb, onunla şərik olan müəllif həmin əsəri onun adını göstərmədən çap etməyə cəhd etmişdi. Rəhmətə gedən müəllifin həyat yoldaşı Agentliyə müraciət etdi, Agentlik işə qarışdı və rəhmətə gedən müəllifin adı da həmin kitaba əlavə edildi”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin plagiat orta məktəb dərsliklərinin olması faktları ilə bağlı MHA-ya müraciət edəcəyinə dair məlumata münasibət bildirən X. Həsənli qeyd edib ki, orta məktəb dərsliklərindən “Azərbaycan dili” dərsliyi ilə bağlı bir neçə il əvvəl bir fakt olub: “Son zamanlar orta məktəb dərsliklərinin plagiatı ilə əlaqədar bizə müraciət daxil olmayıb. Elm və təhsil sahəsinə aid təxminən 10 fakt aşkar edilib. Ümumilikdə plagiatla əlaqədar 50-yə yaxın fakt aşkar edilib. Son günlər MHA-ya bir elmi-metodiki vəsaitlə əlaqədar da müraciət daxil olub. Hazırda bu müraciət araşdırılma mərhələsindədir. Hələlik MHA-ya TQDK tərəfindən plagiat orta məktəb dərsliklərinə dair müraciət daxil olmayıb. Ali və ya orta məktəb dərsliklərinin plagiata görə monitorinqini aparmağı hələlik planlaşdırmırıq. Amma zərurət olarsa, biz bu işdə iştirak edə bilərik. Yeni qəbul olunan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun da plagiatlıq faktlarının qarşısını almağa kömək edəcək. Çünki qanunda göstərilir ki, nəşr olunan hər bir dərslik, kitab, tərcümə əsəri nəşr edilməzdən əvvəl onun üzərinə nəzarət markalarının yapışdırılması məcburi olacaq. Gələcəkdə dövrü nəşrlərlə bağlı belə bir monitorinqin aparılması planlaşdırılır”.

X. Həsənli deyib ki, AMEA-dan daha bir müraciət də daxil olub: “Bir nəfər elmlər doktoru, professor müraciət eləmişdi ki, onun əsəri başqasının adına nəşr etdirilib. Akademiyada kifayət qədər nüfuz sahibi olan adam vaxtilə plagiatçılığa yol vermişdi. Agentlik bu yaxınlarda bu məsələni araşdırıb, bununla əlaqədar tədbirlər görülmək üçün AMEA-ya rəsmi müraciət edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR