Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bolqarıstanda səfərdə olub

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bolqarıstanda səfərdə olub
# 05 oktyabr 2012 11:54 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolovun dəvəti ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olub.

ƏMDK mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, səfərdə məqsəd dövlət əmlakının özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi, kadrlara seminar və treninqlərin keçirilməsi, özəlləşdirməyə investisiyaların cəlb edilməsi, özəlləşdirmədən sonra müəssisələrin dəstəklənməsi məsələlərinin müzakirəsinin aparılması olub.

Səfər müddətində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyində Agentliyin direktoru Emil Karanikolovun və digər nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı E.Karanikolov Memorandumda nəzərdə tutulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı tərəflər arasında məlumat mübadiləsi çərçivəsində Bolqarıstanda aparılan özəlləşdirmə (Bolqarıstanın enerji paylama şəbəkəsinin, “Bolqarıstan Dəmir Yolu” SC-nin tabeçiliyində olan yükdaşıma qurumunun, sosialyönümlü obyektlərin və digər iri müəssisələrin özəlləşdirilməsi) və özəlləşdirmədənsonra nəzarət tədbirləri barədə geniş məlumat verib.

ƏMDK sədri Kərəm Həsənov Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi ilə bağlı ətraflı məlumat verib, dövlət əmlakının səmərəli idarə edilməsi sahəsində görülmüş işlərdən danışıb.

Səfər çərçivəsində agentliyin Müşahidə Şurasının üzvləri ilə görüş keçirilib, komitənin strukturu və fəaliyyət istiqamətləri barədə qarşı tərəflə fikir mübadiləsi aparılıb. Bolqarıstan tərəfi oxşar təşkilati strukturun tətbiqində maraqlı olduğunu bildirib və bununla bağlı müvafiq informasiya təminatına dair Azərbaycan tərəfindən köməklik göstərilməsini xahiş edib.

Görüşlər zamanı dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi prosesinə hər iki ölkənin investorlarının qarşılıqlı olaraq cəlb edilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi, kadrlara seminar və treninqlərin keçirilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu cür səfərlərin gələcəkdə də həyata keçirilməsi barədə razılığa gəlinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR