Azərbaycanla Bosniya və Herseqovina arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycanla Bosniya və Herseqovina arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
# 18 oktyabr 2012 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Bakıda keçirilən Azərbaycan-Bosniya və Herseqovina biznes forumunda iştirak edib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkənin iş adamları arasında əlaqələrin qurulması üçün əlverişli siyasi zəminin olduğunu, Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu əlaqələrin inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, B.İzetbeqoviçin Azərbaycana səfərinin də əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Ş.Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.

Öz növbəsində tədbirdə çıxış edən B.İzetbeqoviç Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini bildirib. Biznes forum və iş adamları arasında ikitərəfli görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığını, ölkəsinin böyük iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu qeyd edən B.İzetbeqoviç iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Qeyd edək ki, tədbirdə inşaat, rabitə texnologiyaları, neft, qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının inşası, tikinti materialları və beton istehsalı, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sektorları təmsil edən hər iki ölkədən 70-ə yaxın iş adamı iştirak edib.

Xatırladaq ki, Azərbaycana səfəri çərçivəsində Bosniya və Herseqovinanın iş adamları Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR