Azərbaycanda plastik kartların sayı 9% artıb

Azərbaycanda plastik kartların sayı 9% artıb
# 11 sentyabr 2012 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda buraxılmış plastik kartların sayı 2012-ci ilin avqustun 1-nə 4 808 min ədəd təşkil edib ki, bu da 2011-ci ilin avqustun 1-nə nisbətən 379 min ədəd və ya 8,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kartların 2 537 mini sosial kartları, 1 362 mini əmək haqqı kartları, 630 mini digər debet kartları, 279 mini isə kredit kartlarıdır.

İyul ayı ərzində plastik kartlarla 5 019 min əməliyyat aparılıb, əməliyyatların həcmi 811 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 16,1% və 25,7% artıb.

Debet kartlarla əməliyyatların sayı 4 663 minə bərabərdir ki, bu da ümumi sayının 92,9%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 722 mln. manatdır ki, bu da ümumi həcmin 89,0%-ni təşkil edir. Öz növbəsində kredit kartlarla 355 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 89 mln. manata bərabərdir.

Debet kartlar üzrə bir əməliyyatın ortalama həcmi 154,8 manata bərabərdir. Kredit kartlar üzrə bu göstərici 250,7 manat təşkil edir.

Qeyd edək ki, iyulda plastik kartlarla aparılan əməliyyatların 4 319 mini və ya ümumi sayının 86,1%-i nağd pulun çıxarılması üzrə əməliyyatlardır. Bu əməliyyatların həcmi 736 mln. manatdır ki, bu da ümumi həcmin 90,8%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR